00:00:00
Yazar
Admin User
13.11.2025 17:29 152 2 dəq oxuma
Siyasət

Zelenski Rusiyanı Avropada böyük müharibəyə hazırlaşmaqda günahlandırıb

Zelenski Rusiyanı Avropada böyük müharibəyə hazırlaşmaqda günahlandırıb

 

Rusiya 2029 və ya 2030-cu ildə Avropada böyük müharibəyə hazırlaşır, bu səbəbdən təzyiqi artırmaq və "onu indi Ukraynada dayandırmaq" üçün fasiləyə nail olmaq lazımdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

 

Mövzu ilə bağlı politoloq Kənan Novruzov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa və Rusiya qarşı-qarşıya gələ bilər:

 

"Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç də bildirmişdi ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır və bu barədə xəbərdarlıq etmişdik. Əslində, Vuçiç bunu deməsə belə, son siyasi proseslər, Avropanın Ukraynanı silahlandırmaqda israrı və müharibənin bitməsinə qarşı çıxması Rusiya və Avropa münasibətlərində gərginliyi daha da artırır. Təsadüfi deyil ki, artıq bir çox Avropa dövlətləri mümkün müharibə ssenarisinə hazırlaşır. Bunu onların müdafiə xərclərini artırmasından, silahlanmaya böyük vəsait ayırmalarından, yeraltı bunkerlər tikmələrindən və hərbi təlimləri intensivləşdirmələrindən də görmək mümkündür. Hazırda baş verənlər, əslində, gündəmdə olan mümkün Avropa və Rusiya müharibəsi kontekstində qiymətləndirilməlidir. Düşünürəm ki, bu, real təhlükədir. Avropa və Rusiya qarşı-qarşıya gələ bilər, çünki siyasi gərginlik pik həddə çatıb. Tarix göstərir ki, bu cür vəziyyətlərdə diplomatik gərginlik adətən hərbi müstəviyə keçir".



Ekspertin sözlərinə görə, Avropa amili mühüm rol oynayır:

 

"Zelenskinin son açıqlamasına gəlincə, onun fikirlərində müəyyən həqiqət payı var. Eyni zamanda, Zelenski bununla beynəlxalq ictimaiyyətin, xüsusən də Avropanın Rusiyaya qarşı təzyiqlərini artırmağa çalışır. O, sanki Avropaya demək istəyir ki, indi Ukraynanın deyil, həm də sizin taleyiniz həll olunur. Buna görə də tərəddüd etmədən Ukraynanı silahlandırmaq və Rusiyaya qarşı daha sərt mövqe tutmaq lazımdır. Rusiya isə, göründüyü kimi, dünya ictimaiyyətinin fikirlərinə demək olar ki, etinasız yanaşır, bəzən açıq şəkildə nüvə silahı ilə hədələyir. Nüvə silahının tətbiqi, yəni nüvə qarşıdurmasının başlanması ehtimalı da tam istisna edilmir. Mən əvvəllər də demişəm, indi də deyirəm: hazırkı mərhələdə Rusiya və Ukrayna müharibəsinin bitməsi ehtimalı, onun genişlənməsi və hətta nüvə silahının tətbiqi ehtimalından daha azdır. Çünki bu müharibənin taleyi artıq təkcə Rusiya və Ukraynadan asılı deyil. Burada həm ABŞ, həm də Avropa amili mühüm rol oynayır. ABŞ hər nə qədər müharibənin bitməsinə çalışsa da, Avropa əksinə, onun uzanmasında maraqlıdır. Nəticədə ABŞ və Avropanın maraqları toqquşur. Avropa, ABŞ-nin danışıqlara yönəlik cəhdlərinə baxmayaraq, Ukraynanı daha çox silahlandırır ki, bu da onu birbaşa Rusiya ilə qarşıdurma vəziyyətinə gətirir".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər