Zelenski–Tramp görüşü gözlənilir
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın vaxtlarda keçiriləcəyi gözlənilən görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, mümkün atəşkəs perspektivləri və tərəflər arasında əməkdaşlığın gələcək istiqamətlərinin müzakirə olunacağı bildirilir.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Ukrayna arasında münasibətlərdə fərqli bir mərhələ müşahidə olunur. Zaman-zaman gərginləşən, bəzən isə normallaşan bu əlaqələr hazırda daha çox Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş mümkün razılaşma ətrafında cəmləşib:
“Müzakirələr fonunda ABŞ Prezidenti Donald Trampın yaxın dövrdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün gözlənildiyi bildirilir. Eyni zamanda ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı da gündəmdədir. Hətta danışıqlara Avropa tərəfinin də qoşula biləcəyi istisna edilmir. ABŞ münaqişədə atəşkəsə nail olmaq və müharibəni dayandırmaq niyyətində olduğunu açıq şəkildə ortaya qoyur. Bununla yanaşı, mümkün razılaşmanın Vaşinqtonun maraqlarına xidmət edən məqamlarının da olduğu vurğulanır. ABŞ-nin bu razılaşmadan siyasi və strateji fayda əldə etmək istədiyi qeyd edilir. Lakin hazırda tərəflər arasında razılaşdırılmayan bir sıra ciddi məsələlər mövcuddur. Bunlara ərazi ilə bağlı mübahisələr, rus dilinin statusu, kilsə və pravoslav icması ilə əlaqəli məsələlər, eləcə də təhlükəsizlik zəmanətləri daxildir. Bu mövzularda Rusiya və Ukraynanın mövqeləri ciddi şəkildə fərqlənir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Ukraynanın dəstəklədiyi təkliflər Rusiya tərəfindən qəbul edilmir, Rusiyanın irəli sürdüyü şərtlər isə Ukrayna üçün qəbuledilməzdir. Buna görə də yaxın perspektivdə müharibənin tam dayandırılması ehtimalı zəif qiymətləndirilir:
“Trampın müharibəni tezliklə bitirmək istəyi olsa da, Rusiyanın buna hələlik hazır olmadığı düşünülür. Müzakirələrdə atom elektrik stansiyası ilə bağlı məsələ də xüsusi yer tutur. Ukrayna tərəfi stansiyadan üçtərəfli istifadə təklif etsə də, Rusiya bu variantla razılaşmır. Məlumata görə, Moskva bu mövzuda daha çox ABŞ-lə birbaşa anlaşmanı mümkün hesab edir və Ukraynanın iştirakını arxa plana keçirir. Nəticə etibarilə, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqda davam edir. Analitiklər qarşıdakı dövrü olduqca çətin mərhələ kimi dəyərləndirir və ABŞnin münaqişə tərəflərini ortaq mövqedə birləşdirib-birləşdirə biləcəyinin hələ də açıq sual olaraq qaldığını bildirirlər. Bir çox müşahidəçilərin fikrincə isə Rusiya müharibəni davam etdirmək niyyətindədir”.
Güllər Gülhüseynova
