Zelenski: Trampdan Qərb liderləri kimi qorxmuram
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, ABŞ Prezidenti Donald Trampdan Qərb liderlərinin bəziləri kimi qorxmur.
“The Guardian” qəzetinə müsahibəsində Zelenski Trampla münasibətlərinin normal olduğunu və aralarında konstruktiv dialoqun davam etdiyini qeyd edib. O, həmçinin Vaşinqtonda Trampla son görüşünün “gərgin keçdiyi” barədə xəbərləri təkzib edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov bildirib ki,Zelenski hər hansısa bir bəyanat verməyib:
"Zelenski yalnız bir mesaj verir və bu mesajı təbii ki, güclü lider kimi tanınan Donald Tramp-a ünvanlayır. Biz bilirik ki, Tramp hakimiyyətə gələndə onun əsas şüarı "America First" yəni "Birinci Amerika" prinsipi üzərində qurulub. Bu prinsip isə həm Ukrayna, həm də Rusiya ilə münasibətlərdə ilk növbədə ABŞ-nin maraqlarını qorumağı nəzərdə tutur.
Belə olan halda Zelenskinin bu açıqlaması ABŞ-lə münasibətləri soyuda bilər. Çünki Tramp Bayden deyil o, özünəməxsus və sərt xarakterə malik bir siyasətçidir. Zelenskinin "Mən qorxmuram" deməsi əslində Tramp-a bir mesajdır: "Mən sənə boyun əyməyəcəyəm, öz bildiyimi edəcəyəm." Bu isə Trampın siyasətinə zidd gedən bir yanaşmadır.
Bu səbəbdən Zelenski, Trampla ilk məşhur görüşündən sonra yaratdığı imici qorumağa çalışır. Həmin görüşdə geyimindən tutmuş Ukraynaya edilən yardımlara qədər bir sıra məsələlərdə qarşıdurma yaşanıb. Hətta nəticədə deyilir ki, Zelenski Ağ Evdən simvolik olaraq “qovulub".
Avropaya gəlincə, Zelenski Avropaya göstərmək istəyir ki, Rusiya ilə münasibətlərdə söz sahibi Ukraynadır. Yəni nə Tramp, nə də Avropa liderləri nə deyirsə desin, Rusiya ilə əlaqələr Ukrayna üzərindən keçir. O, Avropaya və Qərb dünyasına belə bir mesaj verir: “Ukraynasız Qərb dünyası dağılacaq, NATO sistemi çökəcək. Rusiyanın NATO-ya qarşı ekspansiyasının qarşısını Ukrayna alır.”
Buradan görünür ki, Zelenski diplomatik dildən çox emosional, hissi dillə danışır. Bu isə beynəlxalq münasibətlərdə uğurlu nəticə verməyə bilər. Bu açıqlama risklidir və arxasında nə dayandığını tam olaraq bilmirik. Zelenskinin yalnız ordusuna və xalqına güvənərək bunu dediyinə inanmaq çətindir. Deməli, onun əlində hələ açıqlamadığı müəyyən kozlar var.
Ancaq müasir dünyada “Mən Trampın Amerikası ilə hesablaşmıram” demək, Ukraynanı İran, Şimali Koreya kimi təcrid olunmuş ölkələrlə eyni səviyyəyə sala bilər. Bu da Ukraynanın Qərbdən və ABŞ-dən uzaqlaşıb, Rusiyaya sığınmaq ehtimalını yarada bilər ki, bu da ölkənin məğlubiyyəti deməkdir. Zelenski buna razı ola bilməz bu qədər müharibədən sonra bu nəticə onun üçün qəbuledilməzdir.
Nəticə etibarilə, Zelenski bu açıqlamanı əsasən daxili ictimai rəyə hesablayır. O, lider obrazını gücləndirməyə çalışır və əslində Tramp-dan çox Qərb dünyasına bir mesaj verir: Rusiyaya qarşı Qərbin və NATO-nun qorunmasını yalnız Ukrayna təmin edə bilər".
Aişə Mustafayeva