Zelenski və Makron Parisdə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron noyabrın 17-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, liderlər ikitərəfli münasibətlər, eləcə də Rusiya–Ukrayna münaqişəsi fonunda yaranan təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.
Mövzu ilə bağlı "İnformator.az"a danışan siyasi şərhçi Müşfiq Abdulla deyib ki, Zelenskinin Fransaya səfəri Ukraynanın təhlükəsizlik prioritetləri kontekstində qiymətləndirilməlidir:
“Verilən açıqlamalara əsasən, Makron və Zelenski arasında görüşün əsas gündəliyini energetika və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edəcək. Xüsusilə Ukraynadakı vəziyyət və təhlükəsizliyin təmin edilməsi müzakirələrin mərkəzində olacaq. Hazırda Ukrayna–Rusiya cəbhəsində vəziyyət son dərəcə gərgindir. Rusiya Dneprin qərb sahillərinə doğru irəliləsə, mühüm logistika mərkəzləri və yollar Moskvaya nəzarətə keçə bilər ki, bu da Ukrayna üçün ciddi təhlükə yaradır. Bu baxımdan Kiyev Fransadan daha çox ağır silah və hava hücumundan müdafiə sistemləri əldə etməyə çalışacaq”.
Müsahibimizin sözlərinə görə, Ukraynanın özünün “Uzun Neptun” və “Flamingo” kimi raket sistemləri artıq tətbiq olunur və noyabrın 13-də Rusiyaya endirilən zərbələr Moskvanı çətin vəziyyətə salıb:
" 2026-cı ilin əvvəllərindən Ukrayna uzaqmənzilli raketlərlə özünütəmin səviyyəsinə çata bilər. Makron bu səfər çərçivəsində Fransanın Ukraynaya uzunmüddətli sədaqətini nümayiş etdirmək niyyətindədir. Lakin Zelenskinin bütün tələblərinin hansı dərəcədə qarşılanacağını görüşdən sonra görəcəyik. Daha əvvəl Fransanın verdiyi yardım vədələrində gecikmələr müşahidə olundu. Buna baxmayaraq, Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi deməkdir. Polşa ərazisinə bir müddət əvvəl düşən dron zərbələri Rusiyanın Avropa üçün real təhlükə yarada biləcəyini bir daha göstərib. Zelenski Fransanı möhkəm dəstək xəttinə gətirməklə Avropanın təhlükəsizliyini də gücləndirməyə çalışır. Baxmayaraq ki, bu görüş regionda qısa müddətdə ciddi dəyişiklik yaratmayacaq, tərəflərin hərbi əməkdaşlığı genişləndirməsi gözlənilir. Britaniyanın Ukraynaya ballistik raketlər verməsi və qış ayları üçün tədarük işlərinin görülməsi Kiyevin müdafiə imkanlarını artırır".
Aygün Babayeva
