Zelenski və Putinlə yalnız bu vaxt görüşə bilərəm
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında qeyd edib: “Tezliklə Prezident Zelenski və Prezident Putinlə görüşməyi səbirsizliklə gözləyirəm, amma yalnız müharibəyə son qoymaq üçün razılaşma əldə edildikdə və ya son mərhələdə olduqda görüşə bilərəm”.
O bildirib ki, son bir həftə ərzində komandası Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq baxımından böyük irəliləyiş əldə edib.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, görüş baş tutarsa, müharibənin dayandırılması ehtimalı var:
“Adətən bütün mübahisəli məsələlər həll olunduqdan sonra dövlət başçıları görüşərək onu təsdiq edirlər. Çox xırda problemlər prezidentlərin görüşünə saxlanıla bilər. Bu da şəxsi münasibətlər zəminində həllini tapır. Ona görə də prezident Trampın açıqlamasını normal qarşılamaq lazımdır. Artıq Trampın komandası həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparmaqla bütün qaranlıq məsələləri həll etməyə çalışır. Təbii ki, qarşı tərəf bütün mühüm elementləri özünün dövlət başçısı ilə razılaşdırılmaqla prosesin inkişafına təkan verirlər.
Mövcud situasiyanın təhlili göstərir ki, ABŞ və Avropa İttifaqı arasında Ukrayna müharibəsinə vahid münasibət yoxdur. Onların artıq siyasi, iqtisadi və hərbi təhlükəsizliklə bağlı baxışları kifayət qədər fərqlənir. Geosiyasi mənafelər də üst-üstə düşmür. Bu da müharibənin uzanmasına gətirib çıxarır. Əgər əvvəllər Rusiya-Ukrayna razılaşması tələb olunurdusa, sonra bu üçlü bir çərçivəyə keçib və NATO əlavə olunub. İndi isə dördlü bir razılaşma tələb olunur: Rusiya, Ukrayna, ABŞ və Aİ.
Göründüyü kimi problem təkcə Ukrayna ərazilərinin işğalı ilə böyüməyib, həmçinin vasitəçilərin maraqları əsasında da mürəkkəbləşib.
Əgər Tramp-Putin-Zelenski görüşü baş tutarsa, bunu müharibənin dayandırılması hesab etmək olar. Yəni atəşkəs əldə olunacaq, şərtlər müəyyən ediləcək. Ancaq problemin kökündən həlli saymaq mümkün deyil. Çünki Zelenski bu günkü açıqlamasında ərazi məsələlərini yalnız Tramp və Putinlə müzakirə edəcəyini deyib. Yəni razılaşma ehtimalı görünür deyə bilərik”.
Lalə Qurbanlı
