Zelenski və Tramp arasında artan diplomatik əlaqələr
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla iki gün ərzində ikinci dəfə telefonla danışıb. Bu barədə Zelenski “Telegram” kanalında yazıb:
“Mən indicə Prezident Trampla danışdım və bu günlərdə artıq ikinci danışıqdır. Hava hücumundan müdafiəmizi, bütün müdafiə imkanlarımızı gücləndirmək üçün ABŞ ilə sıx işləyirik — ilk növbədə ‘Patriot’, digər sistemlərimiz, eləcə də aktiv əməliyyatlarımız, uzaq məsafəli imkanlarımız".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Prezident Volodimir Zelenski ilə Donald Trampın danışıqlarının intensivləşməsi Ukraynanın ABŞ-dən orta mənzilli raketləri idxal etmək istəyi ilə bağlıdır:
“Donald Tramp hakimiyyətə gəldikdən sonra hava hücumundan müdafiə sistemlərinin verilməsini dayandırıb. Bu da Ukrayna üçün ciddi problemlər yaradıb. 2022-ci ildən bəri Ukraynanın hava məkanının müdafiəsində ciddi problemlər var idi. Bu da Rusiyanın üstünlüyünə səbəb olub. Zelenski bununla bağlı danışıqları intensivləşdirməklə çalışır ki, Donald Trampı hava hücumundan müdafiə sistemlərinin verilməsinə razı salsın.
Bu, yalnız ABŞ ilə aparılmır. Zelenski eyni gündə Fransa Prezidenti ilə də müzakirələr aparıb. Mümkün olan bütün vasitələrdən istifadə etməklə Ukrayna Fransa istehsalı olan SAMP/T hava hücumundan müdafiə sistemlərini əldə etməyə çalışır. Avropa ölkələri mümkün qədər Ukraynaya hava hücumundan müdafiə sistemləri veriblər, lakin bu yetərli olmayıb.
Zelenskinin son günlər Donald Trampla tez-tez danışması gərginliyin azaldığını göstərir. Ukrayna–Rusiya müharibəsinin xarakteri dəyişməkdədir. Müharibədə daha çox zirehli texnikadan istifadə olunub. Bu da hər iki tərəfin itkilərinin çoxalmasına gətirib çıxarıb. Sistemli şəkildə hücumlar həyata keçirməklə neft emalı zavodları məhv edilib və Rusiyada ciddi yanacaq itkisi baş verib. 360-dan çox yanacaq doldurma məntəqəsi bağlanıb.
Rusiyanın dəmiryolu sisteminin sıradan çıxarılması da nəzərdə tutulub. Ukrayna ABŞ ilə danışıqları intensivləşdirib. Tramp, Bayden administrasiyasından fərqli olaraq, bu “Patriot” raket sistemlərini Ukraynaya təminatsız verəcəyinə inanmıram. O, silahların satılması taktikasına üstünlük verir. ABŞ yaxın vaxtlarda raketlərin veriləcəyini söyləsə də, bu daha çox Rusiyanı çəkindirmək məqsədi daşıyır.
Yaxın Şərqdə HƏMAS ilə İsrail arasında müharibənin dayanmasından sonra ABŞ Prezidentinin diqqəti daha çox Ukraynaya yönələcək. Rusiya Ukraynaya qarşı “İskəndər” raketlərindən istifadə edib, orta mənzilli ballistik raketlərlə zərbələr endirib. ABŞ-nin ixtiyarı var ki, bu raketləri Ukraynaya satsın və nəticədə Rusiyanın neft sektoru iflasa uğrasın. Bu halda Rusiya Çinə və Hindistana neft sata bilməyəcək.
Bu tip danışıqların geosiyasi nəticələr doğuracağını söyləmək hələ tezdir. Bu, tərəflərin razılıqlarından asılıdır. ABŞ vədlər verib, amma indilik yerinə yetirməyib. Geosiyasi balans Ukraynanın xeyrinə dəyişə bilər. Tərəflər arasında — ABŞ və Zelenski administrasiyaları arasında — soyuqluğun aradan qalxması onu göstərir ki, münaqişənin həllinə yeni yanaşmalar ortaya çıxa bilər".
Aygün Babayeva
