00:00:00
Yazar
Ayşən Səlimova
31.03.2026 20:11 19 2 dəq oxuma
Dünya

Zelenski Yaxın Şərq ölkələri ilə tarixi razılaşmaları açıqlayıb

Zelenski Yaxın Şərq ölkələri ilə tarixi razılaşmaları açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqə səfəri çərçivəsində bir sıra ölkələrlə strateji razılaşmalar əldə edildiyini bildirib. Razılaşmalar müdafiə, hərbi texnologiyalar, ixracın açılması və təhlükəsizlik sahələrini əhatə edir. Ukrayna Qətər, Səudiyyə Ərəbistanı və İordaniya ilə əməkdaşlığı gücləndirib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Yaxın Şərq ölkələrinə səfəri və əldə edilən strateji razılaşmalar müharibə kontekstində ölkənin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər:

 

“Müdafiə və hərbi texnologiyalara dair əməkdaşlıq, xüsusilə, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya kimi ölkələrlə, Ukraynanın hərbi potensialını artırmaqla yanaşı, silah və texnoloji transfer vasitəsilə döyüş qabiliyyətinin müasir standartlara uyğunlaşmasına imkan verir. Bu həmçinin Ukraynanın döyüş meydanında manevr və strateji üstünlük əldə etməsinə şərait yaradır, hərbi təzyiqlərin balansını dəyişdirə bilər. İxrac imkanlarının açılması isə iqtisadi resursların artırılmasına və müharibənin maliyyələşdirilməsində əlavə dəstək təmin etməyə kömək edir. Regional və qlobal rol baxımından bu əməkdaşlığın Ukraynanın mövqeyini daha da gücləndirmə potensialı var. Yaxın Şərq ölkələri ilə strateji əməkdaşlıq, birgə layihələr, investisiya və hərbi texnologiyaların transferi Ukraynanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir və ölkənin diplomatik nüfuzunu artırır. Bundan başqa, Ukraynanın Yaxın Şərqdəki aktivliyi digər region aktorlarına da siqnal göndərir ki, bu ölkə yalnız Avropa deyil, qlobal səviyyədə strateji əməkdaşlıq qurmağa hazırdır”.

 

Politoloqun sözlərinə görə, ABŞ və Avropa İttifaqı üçün isə bu əməkdaşlıq müəyyən dərəcədə təsir göstərir:

 

“ABŞ və Aİ Ukraynaya həm maliyyə, həm də hərbi dəstək təmin edən əsas tərəfdaşlardır, lakin Yaxın Şərq ölkələri ilə yeni razılaşmalar Ukraynanın müstəqil strateji hərəkət imkanlarını artırır. Bu, ABŞ və Aİ-nin Ukrayna siyasətinə əlavə çeviklik və diplomatik üstünlük gətirə bilər, eyni zamanda tərəflərarası balansı daha effektiv qorumağa şərait yaradar. Bununla yanaşı, ABŞ və Aİ üçün Ukraynanın yeni tərəfdaşlar qazanması münaqişənin davamlılığı və region təhlükəsizliyi baxımından da əlavə zəmanət yaradır, çünki Ukrayna yalnız Avropa dəstəyi ilə məhdudlaşmır, qlobal şəbəkədə də mövqeyini gücləndirir. Eyni zamanda, bu razılaşmalar Ukraynanın müharibədən sonrakı dövrdə strateji planlarını formalaşdırmaq baxımından da vacibdir. Hərbi, iqtisadi və texnoloji əməkdaşlıq yalnız döyüş zamanı deyil, həm də post-münaqişə dövründə Ukraynanın təhlükəsizlik, investisiya və regional təsir imkanlarını artırar. Bu, həm Ukrayna üçün yeni inkişaf imkanları açır, həm də qlobal geosiyasi balansda ölkənin mövqeyini möhkəmləndirir”.

 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər