Zelenskidən Trampa təklif...
Ukraynanın uzaqmənzilli silahlar sahəsində ABŞ-nin dəstəyinə ehtiyacı var. Hətta onların Ukrayna əsgərləri arasında olması belə çəkindirici amil ola bilər, bunu Ukrayna Prezidenti Vladimir Zelenski AB-nin genişlənmə sammitindəki çıxışı zamanı bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, Zelenskinin dediklərində əsaslı məqamlar var:
"Hazırkı vəziyyətdə Ukraynanın, eləcə də bəzi Avropa dövlətlərinin ABŞ istehsalı uzaqmənzilli silahlara ehtiyacı mövcuddur.Məsələn, cənab Tramp bir müddət əvvəl Ukraynaya “Tomahawk” tipli raketlərin verilə biləcəyi haqda bəyanat vermişdi. O, ilkin variantda sayı təxminən 20–50 ədəd arasında qeyd etmişdi. Ukrayna bu tip raketləri 2023-cü ildən bəri ABŞ-dən istəyir, amma hələ nəzarət altında nəticə əldə olunmayıb. ABŞ-də təxminən 4 500 “Tomahawk” raketi olduğu bildirilir.Zelenskinin çıxışında söhbət məhz uzaqmənzilli silahlardan gedir və bu, vəziyyətin gərginliyini artırır. Rusiya tərəfi ya bütünlüklə Ukraynanı işğal etməyi, ya da orada hakimiyyət dəyişikliyi yaratmağı hədəfləyir — bu, açıq-aydındır.Digər tərəfdən, ABŞ artıq Avropanın təhlükəsizliyində daha fəal rol oynamaq niyyətində olduğunu bəyan edir. Məsələn, Rumıniyada amerikalı hərbçilərin sayı bəzi mənbələrə görə 1 000-ə qədər endirilir və oradakı hərbi kontingent tənzimlənir.Bununla yanaşı, Almaniya Ukraynaya iki “Patriot” raket sistemi verib, Böyük Britaniya isə “Storm” tipli raketlərin verilməsinə başlayıb. Bu dəstəklər ABŞ-nin dəstəyi kimi qiymətləndirilir və Rusiya–Ukrayna müharibəsində çəkindirici amil rolunu oynayır.Ancaq indiki durumda “Tomahawk”ların ABŞ tərəfindən Ukraynaya verilməsi ehtimalı aşağı görünür. Trampın bəyanatından da belə nəticə çıxarmaq olar ki, o, Rusiya ilə münasibətləri daha da pozmaq istəmir. Həmçinin, əgər bu raketlər verilərsə, onların maliyyəsi NATO-ya daxil olan Avropa ölkələri tərəfindən ödənilə bilər ki, bu da ABŞ–Rusiya münasibətlərinə təsir göstərə bilər. Bu fikri Peskov, Putin və Putinin beynəlxalq məsələlər üzrə müşaviri Uşakov da dilə gətiriblər.Nəticə etibarilə, indiki halda “Tomahawk” tipli raketlərin Ukraynaya verilməsi gözlənilmir. Lakin əgər belə bir qərar qəbul olunsa, Zelenskinin qeyd etdiyi kimi, bu, müharibədə həlledici amillərdən birinə çevrilə bilər: həm Ukrayna bu raketlərdən Rusiyanın dərinliklərindəki hərbi obyektləri vurmaq üçün istifadə edə bilər, həm də bu, Rusiyaya qarşı çəkindirici təsir yarada bilər".
Qəmər Kazımzadə
