Zelenskidən Trampın Rusiya bəyanatına reaksiya
Prezident Donald Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edirəm, Bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.
O bildirib ki, Trampın son bəyanatı onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını göstərir:"Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq”.
Qeyd edək ki, bundan öncə Tramp açıqlamasında Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə olunması üçün özü tərəfindən müəyyən edilmiş vaxtı 10-12 günə endirəcəyini bildirib.
Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin Trampın bəyanatına cavab verməsi gözlənilən olub:
“Çünki o yaxşı bilir ki, ölkəsinə ən böyük dəstək ABŞ-dən gəlib və bundan sonra da gəlməsi ehtimalı yüksəkdir. ABŞ dəstəyi azalsa belə, Avropa ölkələri və Qərb rəsmiləri ilə müqayisədə ABŞ-nin rolu həlledici olaraq qalacaq. Bir çox Avropa ölkələri Ukraynanın yanında olduqlarını bəyan etsələr də, reallıqda bu, yalnız söz səviyyəsində qalır. Artıq üç il yarımdır davam edən Rusiya-Ukrayna müharibəsi bu mövzuda kifayət qədər aydın mənzərə yaradıb. Zelenski nə qədər Trampı tənqid etsə də, o da bilir ki, ABŞ onsuz da Rusiyaya qarşı mübarizədə Ukraynanın əsas dayağı olaraq qalacaq. Bu reallığı dəyişmək çətindir, çünki ABŞ-nin Ukraynanı tamamilə geri çəkməsi həm də Qərbin strateji məğlubiyyəti kimi qəbul ediləcək. Zelenski bu mənzərəni yaxşı anlayır”.
Siyasi şərhçi qeyd edib ki, Trampın Rusiya ilə bağlı “vaxt vermək” yanaşması isə qeyri-ciddidir:
“Bu, sadəcə vəziyyətə nəfəs vermək, məsələni uzatmaq cəhdi kimi görünür. Sual olunur: əgər Rusiya bu müddətdə savaşı dayandırmasa, Tramp nə edəcək? Alternativi nədir? Normalda vaxt verən tərəf, həmin müddət başa çatdıqdan sonra atacağı addımları da öncədən açıqlamalıdır. Amma Tramp bunu etməyib.
Beləliklə, gözlənilən odur ki, müddət başa çatdıqdan sonra Ukrayna yenə də əvvəlki kimi güclü dəstək axtarışında qalacaq. Bəzi dövlətlərə xüsusən də Rusiyadan neft və təbii qaz alanlara müəyyən təzyiqlər ola bilər. Amma bu, Rusiyaya ciddi zərbə sayıla bilməz. Çünki həmin dövlətlərin də Rusiyanın enerjisinə ehtiyacı var. Doğrudur, Rusiyanın da müştərilərə ehtiyacı böyükdür, amma qarşılıqlı asılılıq davam edir”.
Cavanşir Abbaslı son olaraq açıqlamasına əlavə edib ki, Trampın verdiyi vaxtın sonunda vəziyyət dəyişməyəcək:
“Əvvəlki kimi, köhnə mövqelər qorunacaq. Bu tip bəyanatlar sadəcə müharibənin uzanmasına və Ukrayna cəbhəsində daha çox dağıdıcı zərbələrin endirilməsinə xidmət edir.Hər zaman demişəm, indi də deyirəm: bu savaşın sonu yalnız Rusiya və ABŞ arasında aparılacaq danışıqlarla müəyyən olunacaq. Ukrayna isə bu sənədə sadəcə imza atan tərəf olacaq. Trampın bu kimi açıqlamalarına gələcəkdə də tez-tez şahid olacağıq”.

Ləman Mahmudlu