Zelenskinin istefası ilə bağlı iddia gündəmə gəlib
Ukrayna deputatı Artyom Dmitruk bildirib ki, Prezident Vladimir Zelenskinin bu həftə istefa verməsi barədə əmr gəlib. Onun sözlərinə görə, Zelenski bu əmri yerinə yetirməyəcək və proses aylarla davam edə bilər
Mövzu ilə bağlıpolitoloq Ülviyyə Zülfüaqr “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynalı deputatların sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamalar əslində informasiya sızması effekti yaradır:
“Müharibə şəraitində belə bəyanatlar daxildə psixoloji gərginliyə, xaricdə isə Ukrayna rəhbərliyinin parçalanması görüntüsünə yol aça bilər. Sosial şəbəkələrdə yayılan iddialar Ukraynaya qarşı informasiya kampaniyaları ilə də əslində üst-üstə düşməklə təsir gücünü artırır. Zelenskinin istefa ehtimalı ölkənin beynəlxalq münasibətlərinə də təsirsiz ötüşməz. Zelenski Ukraynanın mübarizə simvolu kimi hərbi yardımlar və diplomatik legitimlik baxımından həlledici fiqurdur. Onun gedişi qərbdə tərəddüd yarada bilər. Belə durumda beynəlxalq tərəfdaşlar gözləmə mövqeyi tuta bilərlər ki, bu da ciddi strateji risk deməkdir. Bu proses aylarla uzanarsa, Ukraynanın diqqəti cəbhə xəttindən çox daxili siyasi vəziyyətə yönələ bilər ki, bu da müharibənin uzanması və daha kəskin şəkil alması üçün fürsət aça bilər”.
Mələk Hüseynova