Zelenskinin Trampla görüşü öncəsi Ukraynaya dron hücumları
Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdən öncə doğma şəhəri Krivoy Roq yaxınlığında dron hücumlarına məruz qaldığını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a bildirib ki, bu hücum və onun vaxt seçimi təsadüfi deyil — Tramp-Zelenski görüşü ərəfəsində baş verməsi Moskvanın siyasi mesaj xarakterli addımı kimi qiymətləndirilə bilər:
“Donald Trampın bu görüşdə səsləndirdiyi fikirlər, əslində, Putinə ünvanlanan ismarıclar idi. Tramp bir müddətdir ki, Rusiya ilə yeni danışıqlar masası formalaşdırmağa çalışır. Onun məqsədi, Putini masaya oturtmaq və öz şərtlərini qəbul etdirməkdir. Bu baxımdan, görüşdən öncə baş verən hücum Rusiya tərəfindən bir cavab siqnalı kimi görünür. Rusiya emosional deyil, strateji davranır və öz iddialarından asanlıqla geri çəkilmir. Moskva uzun müddətdir Ukraynanın bufer zona kimi qalması ideyasını prioritet sayır. Yəni, Rusiya üçün əsas məsələ Ukraynanın tam Qərb təsirinə keçməsinin qarşısını almaqdır. Dron hücumları və hərbi təzyiqlər bu strategiyanın bir hissəsidir. Trampın isə məqsədi həm Rusiya ilə birbaşa qarşıdurmadan yayınmaq, həm də öz diplomatik mövqeyini gücləndirməkdir”.
Fatimə Hüseynli
