Zəngəzur dəhlizi ABŞ-yə verilir?
Reuters agentliyinin məlumatına görə, Ermənistan Zəngəzur dəhlizinin idarə olunması və infrastrukturunun inkişafı üçün ABŞ-ə “Tramp yolu” layihəsi çərçivəsində subicarə verməyə razılıq verib. Marşrut Ermənistan qanunlarına uyğun fəaliyyət göstərəcək və ABŞ həmin ərazini idarə etmək üçün konsorsium yaradacaq.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki,Zəngəzur dəhlizinin açılma ehtimalı indi olduqca real görünür:
"Belə anlaşılır ki, bu proses artıq intensivlik qazanıb və yaxın gələcəkdə reallaşa bilər. Sadəcə, hazırda bu Zəngəzur dəhlizinin açılması qarşısında ən ciddi əngəl Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması ilə bağlıdır. Yəni bu yekun sülh sazişi də imzalanarsa Zəngəzur dəhlizinin açılması tamamilə mümkündür. Təbii ki, Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizi nə olduqca böyük maraq göstərir və burada əsasən geostrateji hədəflər mövcuddur. Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinə nəzarət edərsə, bu, bir tərəfdən Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin ciddi şəkildə sarsıdılması deməkdir. Digər tərəfdən isə bu addım İranın Cənubi Qafqazda çıxışının tamamilə bağlanması anlamı daşıyacaq, çünki Amerika Birləşmiş Ştatları bir özəl şirkət üzərindən Ermənistan İran sərhəddinə yerləşmiş olacaq və sonrakı mərhələdə də böyük ehtimalla Amerika Birləşmiş Ştatları Ermənistan ərazisinə hansısa sayda hərbi kontingent belə yerləşdirə bilər. Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması bəhanəsi üzərində belə addımların atılması da mümkündür. Təbii ki, bu o deməkdir ki, Zəngəzur dəhlizi Amerika Birləşmiş Ştatlarının nəzarəti altında olacaqsa, bu, Rusiya və İranın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması prosesini yekunlaşdıra bilər. Bütün bu situasiya təbii ki, həm Kremldə, həm də İranda çox ciddi narahatlıqla və eyni zamanda qıcıqla izlənilir".
Ekspert həmçinin bunu da bildirib ki, Rusiya Amerika Birləşmiş Ştatlarının nəzarəti altında Zəngəzur dəhlizinin açılmasını istəmir:
"Eynilə İranda bu variantın tamamilə əleyhinədir. Yəni bu baxımdan hətta ola bilər ki, yaxın vaxtlarda Cənubi Qafqaz və Zəngəzur mövzuları üzərindən Rusiya və İran İttifaqı da yaransın. Ancaq bütün bunlara baxmayaraq belə anlaşılır ki, indi nə Rusiyanın, nə də İranın mövqeyi ilə hesablaşmaq niyyətində deyillər və ümumiyyətlə, Kremldə və Tehranda nə düşündükləri Qərb qüvvələri demək olar ki, qətiyyən narahat eləmir. Ona görə də həm Rusiyanın, həm də İranın müqavimətinə baxmayaraq, bu dəhlizin açılma ehtimalı tamamilə realdır. Böyük ehtimalla bu prosesin reallaşması üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması vacibdir və hazırda Tramp administrasiyası bu məsələyə vasitəçilik edərək prosesin sürətləndirilməsinə cəhd göstərir. Böyük ehtimalla bu məsələ də mərhələli şəkildə yoluna qoyulmuş olacaq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması həm də Cənubi Qafqaz geopolitik mərhələyə keçid etməsi anlamı daşıyacaq. Rusiyanın region dövlətlərini təsir altında saxlamaq üçün düşündüyü savaş layihələri sona çatmış olacaq və bununla da Rusiyanın Cənubi Qafqazda təsir mexanizmləri öz aktuallığını tədricən itirməyə başlayır və bunun ardınca da Zəngəzur dəhlizinin açılması Rusiya üçün Cənubi Qafqaz qapısının tamamilə bağlanması anlamı daşıya bilər. Göründüyü kimi, bu hazırda baş verən hadisələr bütün region üçün olduqca böyük əhəmiyyət daşıyır və hətta Cənubi Qafqazın gələcək taleyini həll edəcək qədər əhəmiyyətli xarakter daşıyır".
Gülhüseynova Güllər