Zəngəzur dəhlizi iqtisadi rifaha töhfə verəcək
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib ki, Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi regional əlaqələrin genişlənməsi və iqtisadi rifahın artması üçün əsl oyun dəyişdirən amil ola bilər.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin daha işlək vəziyyətə gəlməsini şərtləndirir:
"Bu yol Türküstan, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıqları dərinləşdirir. Eyni zamanda, Trans-Xəzər yolunun da fəaliyyətini gücləndirir və Çinlə Avropa arasındakı ticarət əlaqələrini daha da əhatəli edir. Onsuz da mövcud olan bu əlaqələr Orta Dəhliz və Zəngəzur dəhlizi üzərindən keçdikdə həm daha qısa zamanda, həm də daha çox yüklərin daşınması imkanı yaranır. Bununla region dövlətləri qazanır. Yükdaşıma imkanlarının artması region ölkələrinin iqtisadiyyatına, həmçinin Azərbaycanın və Ermənistanın büdcəsinə tranzit ödənişləri vasitəsilə əhəmiyyətli vəsaitlərin daxil olmasına səbəb olur. Türk dövlətlərinin əlaqələri də yaxşılaşır, intensivləşir, kommunikasiya imkanları genişlənir. Pakistan da müxtəlif formalarda Türk dünyası ilə əməkdaşlıq edir və bunun nəticəsində öz mövqeyini gücləndirir. Azərbaycan, Türkiyə və Pakistanın ayrıca formatda əməkdaşlığı isə siyasi-geopolitik baxımdan bu üçlüyün mövqeyini daha da möhkəmləndirir".
Ekspert həmçinin bunu da qeyd edib ki, əgər Ermənistan bu layihəyə qoşularsa, Zəngəzur dəhlizi üzərindən Orta Dəhlizin bir hissəsinə çevrilmək şansını əldə edəcək:
"Bu isə həm region dövlətləri arasında əməkdaşlığı dərinləşdirəcək, həm də Türk dövlətləri ilə münasibətlərin inkişafına təkan verəcək. Nəticədə, indiyədək regionda mövcud olan siyasi balans dəyişəcək. İndiyə qədər bölgəyə daha çox Rusiya və İran nəzarət edib. Ermənistan isə bağlı qapı rolunu oynayıb. İndi Ermənistan açıq qapıya çevrildikdə, Rusiya və İranın təsir imkanları zəifləyəcək, əksinə, Türk dövlətlərinin mövqeyi güclənəcək. Dəhlizin açılması Azərbaycanın imkanlarını artıracaq. Həm siyasi, həm iqtisadi-ticari əlaqələr genişlənəcək, maliyyə imkanları çoxalacaq. Beləliklə, Orta Dəhlizin mühüm seqmenti olan Zəngəzur dəhlizinin açılması bizi məmnun etdiyi kimi, dostlarımızı – o cümlədən Pakistanı da sevindirir. Onların uğurları bizim uğurlarımızdır. Pakistan bu məsələyə dostluq prinsipləri ilə yanaşır və bu, tamamilə doğru yanaşmadır".
Güllər Gülhüseynova