00:00:00
Yazar
Admin User
24.09.2025 19:23 160 2 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizi və Orta Dəhlizdə Azərbaycanın aparıcı rolu

Zəngəzur dəhlizi və Orta Dəhlizdə Azərbaycanın aparıcı rolu

 

Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumu Orta Dəhliz boyunca iqtisadi, maliyyə və enerji əməkdaşlığını müzakirə etmək baxımından mühüm platforma olub. Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan rəsmiləri, ABŞ dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatlar çıxış edərək regional əməkdaşlıq və investisiya imkanlarını vurğuladılar. Bu forum, Cənubi Qafqazda sülh prosesinin irəliləməsi və Orta Dəhlizin strateji əhəmiyyətinin artması fonunda xüsusi önəm daşıyır.

 

Mövzu ilə bağlı politoloq Telman Nüsrətoğlu bildirib ki, artıq yeni dünya nizamı uğrunda çox kəskin geosiyasi mübarizələr gedir və burada ən önəmli məqamlardan biri də, əlbəttə, resursları, hakimiyyət yolları, hakimiyyət dünya ticarətini öz lehinə döndərmək təşəbbüsləridir və iqtisadi güc əldə etmək, iqtisadi gücü yüksəltmək niyyətləridir:

 

 "Böyük dövlətlər, təbii ki, bu mənada öz aralarında mübarizə aparırlar, ancaq dünyanın gələcəyinin şəkillənməsində mühüm rol oynayacaq regionlar var. Onların başında da təbii ki, Cənubi Qafqaz, Türküstan coğrafiyası, Orta Dəhlizin keçdiyi coğrafiya dayanır. Xəzər hövzəsi, Qara dəniz-bunlar çox mühüm bir strateji önəmə sahib coğrafiyalardır. Bu region zəngin resurslara malikdir. Yollar baxımından ticarətin təhlükəsizliyinin təmin edilməsi istər dəniz, istər quru marşrutları baxımından böyük əhəmiyyət daşıyır – Xəzər, Qara dəniz, Aralıq dənizi, Türk dövlətləri və Azərbaycan, Türkiyə, Qazaxıstan və bu coğrafiyanın tam mərkəzində, qəlbində dayanır. Region nadir elementlərdən tutmuş enerji resurslarına, karbohidrogen ehtiyatlarına qədər olduqca zəngindir. ABŞ kimi dövlətlər çalışırlar ki, bu resurslara çıxış əldə etsinlər. Ona görə də əməkdaşlıq daha da əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Xəzər Biznes Forumu kimi platformalarda yeni layihələr gündəmə çıxır, yeni yatırımlar müzakirə olunur".

 

Ekspert vurğulayıb ki, bu layihələr yaşıl enerji, ağıllı kəndlər, optik kabel sistemləri ilə yanaşı neft-qaz sahəsində əməkdaşlıq da daxil olmaqla çoxşaxəli sferanı əhatə edir:

 

"Bu da Amerikanın, oradakı şirkətlərin Azərbaycana və bütövlükdə regiona olan marağının artdığını göstərir, çünki həqiqətən də bu, böyük strateji əhəmiyyət daşıyan bir regiondur. Zəngəzur dəhlizi isə qeyd-şərtsiz artıq açılacaq. Bunun başqa yolu yoxdur. Azərbaycanın beynəlxalq hüquqdan doğan maraqları, dünya siyasətinin gəldiyi mərhələ bunu tələb edir. Yaxın zamanlarda Ermənistan tərəfindən bu istiqamətdə real addımların atılacağı gözlənilir, lakin Zəngəzur dəhlizi və ümumilikdə Orta Dəhliz Türkiyə və Azərbaycanın dominant rolu, aparıcı mövqeyi olmadan həyata keçirilə bilməz. Məhz bu səbəbdən Türkiyə və Azərbaycanın həm iqtisadi, həm siyasi-strateji rolu getdikcə artır. Bu da Azərbaycanın gələcəkdə iqtisadi cəhətdən inkişafına və regional canlanmaya gətirib çıxaracaq".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər