Növbəti addım: Naxçıvanın muxtar statusu ləğv edilir?

Bölmə: Sosial › ,
Tarix: 13:32 21.06.2025

Naxçıvan Muxtar Respublikası daha bir mühüm qanunla gündəmə gəlib. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsinə əsasən, Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.

"İnformator.az" xəbər verir ki, bu Azərbaycanın unitarlığı baxımından mühüm dəyişiklik olaraq təqdir edilir.

Qanun layihəsinə münasibət bildirən ReAL sədri Natiq Cəfərli bunu Naxçıvanın muxtar statusunun ləğvi istiqamətində növbəti addım adlandırıb və qərarı dəstəkləyib. O bildirib ki, ölkəmiz addım-addım bu istiqamətdə gedir və bu, olduqca doğru qərardır.

 

ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev isə bu gün parlamentdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Naxçıvanın muxtar respublika statusununun ləğv edilməsi haqda düşünülməsi gərəkdiyini vurğulayıb.