Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı keçirilən konfransda yekun bəyanat qəbul edilib

Tarix: 16:34 25.06.2025
Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda yekun bəyanat qəbul edilib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oxuyub.
Bəyanatda deyilir:
"Biz iyunun 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı Beynəlxalq Konfransın iştirakçıları, BMT Nizamnaməsində və xüsusilə müstəmləkə altında olan ölkələrə və onların xalqlarına müstəqilliyin verilməsi ilə bağlı BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsində əks olunmuş prinsiplərə əsaslanaraq, bütün xalqların siyasi statuslarını sərbəst müəyyənləşdirmək və öz siyasi, iqtisadi, sosial və mədəni inkişaf yollarını müstəqil şəkildə seçmək hüququnun toxunulmazlığına dair ortaq öhdəliyimizi bir daha təsdiqləyirik.
Qvadelup hələ də Fransa Respublikasının tabeliyi altında dənizaşırı departament statusunda saxlanılır və bu status, Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə mane olur. Biz Qvadelupun məruz qaldığı müstəmləkə cinayətləri və tarixi ədalətsizlikləri – xüsusilə yerli Kalinago xalqının məhv edilməsini, Afrikalı qulların və müqavilə əsasında işləyən işçilərin istismarını, eləcə də bərabərsizliyi və asılılığı bu gün də davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğunu xatırladır və bu tarixi ədalətsizliklərin aradan qaldırılmasının zəruriliyini vurğulayırıq. Bu faktların mənfi nəticələri bu gün də öz təsirini göstərir.