ABŞ-Ukrayna münasibətlərində yeni mərhələ?

Bölmə: Siyasət › ,
Tarix: 21:45 25.06.2025

ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Bu barədə Ağ Evdəki mənbəyə istinadən ABŞ-nin “Politico” qəzeti yazıb. 

Görüş Haaqada hazırda davam edən NATO sammiti çərçivəsində baş tuta bilər.

Onu da qeyd edək ki, Zelenski də dünən öz növbəsində amerikalı həmkarı ilə görüşməyi planlaşdırdığını bildirib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddətdir ki, Aİ ölkələri Ukraynaya dəstəklə bağlı müəyyən müzakirələr aparırlar:

 

“Əsas hədəflərdən biri Birləşmiş Ştatların Ukraynaya dəstəyinin artırılması ilə bağlıdır. Ukrayna ilə Birləşmiş Ştatlar arasında müəyyən təmaslar var. Birləşmiş Ştatlar Ukraynaya dəstəyini artırsın. Silah satışı genişlənsin. Amma Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərin normallaşması ilə bağlı hədəflər müəyyən etdiyi üçün bu məsələyə təmkinli yanaşır. Ona görə də indiyə qədər Birləşmiş Ştatlar danışıqlar prosesini önə çıxmasını və Rusiya arasında atəşkəsin əldə olunması ilə bağlı müəyyən planlar üzərində çalışır. Trampın xüsusi nümayəndəsinin Rusiya Prezidenti ilə dəfələrlə görüşündə əsas məqsəd bu nəticənin həll olunmasına hesablanıb. Rusiya burada maksimal mövqe nümayiş etdirir. Rusiyanın şərtlərini Ukraynanın qəbul edilməsi çətin görünür. Rusiya tələb edir ki, işğal etdiyi əraziləri Luqansk, Donetsk, Xerson və Zaporoji Rusiyanın tərkib hissəsi kimi tanınmalıdır. Eyni zamanda birmənalı olaraq Ukraynanın NATO-ya üzvlüyü heç bir halda müzakirə olunmamalıdır. Ümumiyyətlə Ukrayna birmənalı olaraq əl çəkməlidir. Digər tərəfdən atəşkəsdən sonra Ukraynada seçkilər keçirilməlidir. Kifayət qədər burada aşağılayıcı tələblər var. Ona görə də Ukrayna buna getməməyə çalışır. Birləşmiş Ştatların məqsədi ondan ibarətdir ki, Ukrayna hökuməti defakto Rusiyanın işğal etdiyi əraziləri tanısın. Heç bir şərt irəli sürmədən atəşkəsə getsin. Rusiya bunu birmənalı olaraq qəbul etmir. Rusiya hesab edir ki, bu şərtlər yerinə yetirilməli və qalıcı atəşkəs olmalıdır”.

 

Əli Zülfüqaroğlu qeyd edib ki, Rusiyanın tələblərindən biri də Aİ-nin Ukraynaya silah yardımını dayandırmasıdır:

 

“Görünən odur ki, Rusiyanın maksimal tələbələri var. Bu da iki ölkə arasında atəşkəslə bağlı problemlərin meydana çıxmasına səbəb olur. Təbii ki, Birləşmiş Ştatlar da çalışır ki, maksimum tez bir zamanda Rusiya- Ukrayna arasında atəşkəs əldə edilsin. Digər tərəfdən Birləşmiş Ştatlar Ukrayna ilə bağlı öz maraqlarını təmin edir. Faydalı qazıntılarla bağlı saziş imzalanıb. Amma atəşkəsin əldə olunmaması Birləşmiş Ştatların maraqlarına cavab vermir. Zelenski ilə Tramp arasındakı görüş əsasən bu məsələlər üzərindən aparılacaq. Böyük ehtimalla Zelenski Birləşmiş Ştatların Ukraynaya yardımının davam etdirilməsinə, Rusiyaya sanksiyaların dərinləşdirilməsinə çalışacaq. Qısa zaman içərisində Birləşmiş Ştatlar bu addımı atmayacaq. Son zamanlar Trampın Rusiya ilə bağlı açıqlamaları onu deməyə əsas verir ki, Rusiyaya təzyiq etmək üçün Ukraynaya silah satışının genişləndirilməsi müəyyən perspektivdə mümkün ola bilər”.

 

Nuray Əliyeva