“Tramp Çinlə dostcasına mübarizə aparacaq”-KİV

Bölmə: Siyasət › ,
Tarix: 13:41 16.07.2025

ABŞ Prezidenti Donald Tramp Pitsburqda çıxışı zamanı Çinlə “çox dostcasına” mübarizə aparacağını bildirib.

 

Məsələ ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Çinlə “çox dostcasına” mübarizə aparacağını deməsi, bir-birləri ilə fiziki cəhətdən mübarizə aparmasalar da, gördükləri işlərlə bir-birlərini üstələməyə çalışmaları mənasına gəlir:

 

“Belə ki, siyasi, iqtisadi sahədə mübarizə gedirsə, Çin bir addım atırsa, Amerika iki addım atmaq istəyəcək. Hərbi qarşıdurmalar yoxdur, lakin mübarizə davam edir. 

 

Bu çıxışın ABŞ-nin Asiya-Sakit okean siyasətinə təsiri belə ola bilər ki, indiki zamanda bir çox dövlətin Çinə borcu var, yəni Çinin borclanma siyasəti var. Çin bir çox dövlətin dəniz limanlarını ələ keçirib. “Hörümçək toru” kimi iqtisadi bazarları çox genişdir. Amerikanın da əsas hədəfi bu “toru” Çindən xilas etməkdir. 

 

Nəticə etibarilə, Trampın “dostcasına mübarizə” çağırışı arxasında Qərblə Çin arasında güc balansının qorunması, eyni zamanda ABŞ-nin hegemonluğunu yumşaq güclə saxlamaq cəhdi dayanır".

 

Çimnaz Telmanqızı