Netanyahu Suriyanı hədələyib

Tarix: 13:56 16.07.2025
Suriyanın Süveyda şəhərində druz qrupları ilə ərəb tayfaları arasında günlərlə davam edən toqquşmalardan sonra atəşkəs elan edildiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu qalmaqallı bir hədələmə ilə çıxış edib.
Süveydaya edilən hava hücumlarını xatırladan Netanyahu, “Ümid edirəm ki, daha artığını etməyə məcbur qalmarıq, bu, əsasən Dəməşqin nə edəcəyindən və ya etməyəcəyindən asılıdır”, – deyə bildirib.
İsrail Baş Nazirliyindən verilən məlumata görə, Netanyahu bu açıqlamanı Maliyyə naziri Bəzalel Smotriç ilə birlikdə işğal altındakı İordan çayının qərb sahilində yerləşən İordaniya Vadisindəki ultra-ortodoks yəhudi (Haredi) İsrail ordusu birliyinə səfəri zamanı verib. Netanyahu İsrailin Suriyada fəaliyyət göstərdiyini və Suriyanın cənub-qərb bölgəsini “silahsızlaşdırılmış hala gətirmək məcburiyyətində olduqlarını” iddia edib.
Suriyanın suverenlik hüquqlarını heçə sayan Netanyahu bu ölkənin “İsrail üçün ikinci bir Livana çevrilməsinə icazə verməyəcəklərini” irəli sürüb və Suriyadakı druzları qorumaq məsuliyyəti daşıdıqlarını bildirib. Netanyahu Suriyaya qarşı intensiv hücumlar həyata keçirdiklərini qeyd edərək, “Ümid edirəm ki, daha artığını etməyə məcbur qalmarıq, bu, əsasən Dəməşqin nə edəcəyindən və ya etməyəcəyindən asılıdır” sözləri ilə Suriyaya qarşı hücumları genişləndirmək hədəsi səsləndirib.
İsrailin müdafiə naziri Yisrael Katz isə Suriyanın cənubuna qarşı hücumları, “Druzlara zərər verilməsinə icazə verməyəcəyik, İsrail kənarda dayanmayacaq” sözləri ilə əsaslandırıb. Bu açıqlamadan sonra İsrail Süveyda ətrafında yerləşən Müdafiə və Daxili İşlər nazirliklərinə məxsus birləşmələrin kolonlarının yaxınlığına ümumilikdə beş hava hücumu həyata keçirmişdi. Suriyanın müdafiə naziri general-mayor Merhef Əbu Kasra isə bu gün verdiyi açıqlamada Süveydada atəşkəs elan edildiyini bildirib.
Haberler.com
Aygün Babayeva