Əmlak üzərinə həbs qoyulub

Bölmə: Sosial › ,
Tarix: 22:03 18.07.2025

Bu ilin altı ayı ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə, ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Səbuhi Axundov bildirib ki, əmlaka həbs ona görə qoyulur ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunması şübhəsi ilə təqsirləndirilən şəxsin mülkiyyətində olub:

 

“Cinayət yolu ilə əldə olunan maliyyə vəsaiti hesabına bu əmlak maliyyələşdirilib. Əmlak gələcəkdə zərərçəkmiş şəxslərə vurulan ziyanın qarşılanması üçün istifadə oluna bilən maddi əşyadır. İstintaq müddətində həmin əmlakın gizlədilməsi və ya başqasının adına keçirilməsi hallarının qarşısını almaq məqsədilə üzərinə həbs qoyulub. Bu proses əmlakın satıla və ya bağışlana bilməməsi üçün həyata keçirilib. Satıla bilməyən əmlak üzrə yekun məhkəmə qərarı olduqda, həmin əmlak hərracda satılaraq zərərin qarşılanması üçün təminat rolunu oynayıb. Bu zaman təqsirləndirilən şəxslərin hüquqları da qorunub".

 

Aygün Babayeva