BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

Tarix: 22:29 18.07.2025
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli Qeyri-Hökumət Təşkilatlarının (QHT) BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk maarifləndirici təlim keçirilib.
İnfarmator.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə 21 QHT nümayəndəsi iştirak edib.
Təlimin ilk günü BMT və onun qurumları ilə çoxillik təcrübəyə malik beynəlxalq ekspert, sahə üzrə peşəkar təlimçi Nik Nvolisanın təqdimatında baş tutub. O, “ECOSOC və onun iş prinsipləri” mövzusunda geniş təqdimatla çıxış edib. Təlimçi ECOSOC-da QHT-lərin təmsilçilik perspektivləri, məşvərətçi statusun növləri və bu statusun vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib.
Təqdimatdan sonra iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, real nümunələr əsasında praktik müzakirələr aparılıb.
Təlimlər yekunlaşdıqdan sonra fərqlənən iştirakçılara sertifikatlar təqdim olunacaq. Eyni zamanda, aktivliyi və potensialı ilə seçilən QHT-lərin ECOSOC-da məşvərətçi status əldə etməsinə də dəstək göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunmuş altı modullu təlim proqramının ilk mərhələsi insan hüquqları üzrə tanınmış ekspert Sahib Məmmədov tərəfindən aparılıb.