İran Mossad-ın daha bir neçə “agentini” həbs edib

Bölmə: Dünya › ,
Tarix: 18:18 21.07.2025

İranın təhlükəsizlik qüvvələri Şimali Xorasan əyalətinin şimal-şərqində İsrailin kəşfiyyat xidməti olan Mossad-la bağlı iki nəfəri saxlayıb. Bu barədə Şimali Xorasanın xalq prokuroru Cavad İlali məlumat verib.

 

Prokuror bildirib ki, əyalətin məhkəmə orqanları casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı sərt və qətiyyətli tədbirlərlə çıxış edir. Onun sözlərinə görə, hazırda bölgədə 15 nəfər "İsrail-Amerika təcavüzünün son 12 günü ərzində İrana qarşı dezinformasiya və təbliğat yaymaq" ittihamı ilə məsuliyyətə cəlb olunub.

 

Qeyd edək ki, ötən ayın sonunda Mossad-la əməkdaşlıqda, eləcə də qaçaqmalçılıq yolu ilə İrana partlayıcı qurğular keçirmək və tanınmış şəxsləri hədəf almaq niyyətində təqsirləndirilən üç nəfər edam edilib.

 

Son həftələr ərzində İranın müxtəlif bölgələrində yüzlərlə Mossad agenti və onlarla əlaqəli şəxsin saxlandığı bildirilir. Təhlükəsizlik qüvvələri həmçinin Mossad tərəfindən idarə olunan bir neçə yeraltı pilotsuz uçuş aparatını aşkarlayaraq zərərsizləşdirib.

 

Həbs edilən şəxslər hücum dronlarından istifadə etməyi planlaşdırmaqda, bomba hazırlamaqda, hərbi obyektlərə casusluq etməkdə və məxfi məlumatları İsrailə ötürməkdə ittiham olunurlar.

 

Mənbə: Caliber

Aytən Ağazadə