Moskva və Kiyev Yenidən Masaya Əyləşir

Tarix: 21:01 23.07.2025
Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu öncəsi gərginlik artır. Kreml danışıqların çətin və mürəkkəb keçəcəyini bildirib. Ekspertlər kompromisə nail olmaq üçün güclü diplomatik səylər və beynəlxalq təzyiqin vacibliyini vurğulayırlar.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə hazırda Rusiya və Ukrayna arasında danışıqlara vasitəçilik edə biləcək yeganə neytral dövlətdir:
"Rəsmi Ankara həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini normal səviyyədə qoruyub saxlamağı bacarır. Hər iki tərəflə, yəni həm Rusiya, həm də Ukrayna ilə Türkiyənin siyasi-diplomatik dialoqu kifayət qədər təsirli məzmun daşıyır. Ona görə də Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik etməsində hər hansı bir problem yoxdur. Hazırda bu missiyaya ən uyğun və ən hazırlıqlı dövlət Türkiyədir. Buna görə də həm Rusiyada, həm Ukraynada, həm də Qərbdə Türkiyənin vasitəçilik missiyası qəbul olunur, etiraf edilir və bütün tərəflər bu məsələyə pozitiv yanaşırlar. Ümumiyyətlə, Zelenski hakimiyyəti dəfələrlə bəyan edib ki, Türkiyənin vasitəçiliyinə etibar edir və Prezident Ərdoğanın bu məsələdə həlledici rol oynaya biləcəyinə ümid bəsləyir. Bu da Ukraynanın Türkiyəyə olan inamını, etibarını və etimadını göstərir. Eyni zamanda, ABŞ ilə Rusiya arasında danışıqlar prosesi iflasa uğradıqdan sonra ciddi narahatlıq keçirən Rusiya Prezidenti Vladimir Putin məhz Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana müraciət etdi ki, Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürsün. Bu müraciətdən sonra İstanbul görüşləri silsiləsi başladı. İndiyə qədər iki görüş keçirilib. Real pozitiv nəticələr əldə olunmasa da, bu görüşlərin keçirilməsinə Türkiyə nail olub. Hazırda isə üçüncü görüşün keçirildiyi ilə bağlı məlumatlar mövcuddur və bu görüş artıq baş tutur".
Ekspert həmçinin bunu da qeyd edib ki, bu görüşlərin hansı nəticə verəcəyi bəlli deyil, bu, daha çox Rusiya və Ukraynadan asılıdır:
"Türkiyənin üzərinə düşən vəzifə bu görüşü təşkil etmək idi və rəsmi Ankara buna nail oldu – İstanbulda belə bir görüşün keçirilməsinə şərait yaratdı. Bundan sonra isə görüşdə münaqişə tərəflərinin hansı mövqedən çıxış edəcəyi, hansı məsələlərdə razılaşacağı və hansı məsələlərdə kəskin ziddiyyətlərlə üzləşəcəkləri tamamilə başqa məsələdir və bunun məsuliyyətini Rusiya və Ukrayna daşıyır. Əslində, görüşlərin nəticəsiz bitməsinin əsas səbəbkarı da Rusiya olur. Böyük ehtimalla, əgər bu dəfəki İstanbul görüşündə də pozitiv nəticələr əldə olunmazsa, bunun əsas səbəbkarı məhz Rusiya olacaq. Bütün bunları nəzərə aldıqda demək olar ki, Türkiyə hazırda neytrallığını ən yaxşı şəkildə qorumağı bacaran və hər iki tərəfi sülh masası arxasına əyləşdirməyə qadir olan əsas beynəlxalq vasitəçi rolunu üzərinə götürən bir dövlətdir. Bu baxımdan, Türkiyənin mövqeyi Qərb siyasi dairələrində də təqdir olunur".
Gülhüseynova Güllər