İranın nüvə addımı yeni hücumlara səbəb ola bilər

Bölmə: Siyasət › ,
Tarix: 21:03 23.07.2025

“İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək”. Bunu İran Prezidenti Məsud Pezeşkian “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranın uranı zənginləşdirməkdən əl çəkməməsi regionda və dünyada vəziyyəti gərgin olaraq saxlayacaq:


“Özünə etibarı itirilən İran rejiminin bu addımı əsasən Qərbi narahat edir. Silah düzəltməsə belə, başqalarına təhdid yaradan bir dövlətin enerji hazırlayıb güclənməsi də narahatlıq doğurur. Həm qonşularla, həm də digər dövlətlərlə mütəmadi olaraq münaqişə, düşmənçilik həddində olan İranın təkidlə uranı zənginləşdirməsi şübhə yoxdur ki, nüvə silahına hesablanıb. Çünki aparılan siyasət, tutduğu aqressiv mövqe bunu sübut edir. Bu da ümumiyyətlə nəinki region üçün bütün dünya üçün təhlükə deməkdir. İranın bu açıqlaması Qərbin, ABŞ-nin ona qarşı mövqeyini dəyişməyəcək. Çünki belə açıqlamalar çox olub və heç nə dəyişməyib. İran heç vaxt açıqlandığı kimi addım atmayıb. Xüsusən də İsrail ilə münaqişə yaşadığı ərəfədə uranın zənginləşdirilməsi əks effekt verəcək. İsrail ola bilsin yenidən İrana hücumu davam etdirsin. Təbii ki, bunun baş verməsi də regionda vəziyyəti gərginləşdirə bilər”.


Politoloq qeyd edib ki, hazırda Çin və Rusiya da İrana bu işdə fəal dəstək verir:

 

“Ola bilsin təhlükəsizlik səbəbi ilə İran uranı Çində zənginləşdirmək üçün danışıqlar aparır. İsrail, ABŞ və Avropaya qarşı Çin, Rusiya, İran, Şimali Koreya cəbhəsi formalaşır və burada əsas məqsəd İranın nüvə silahına sahib olmasıdır. Bu niyyətlə bağlı Qərbin xüsusi xidmət orqanlarında dəqiq məlumat var. İranda guya fətva verərək nüvə silahının haram olmasını deyiblər. Amma bir rəsmi də dedi ki, lazım gələrsə o fətvanı dəyişə də bilərik. Yəni, nüvə silahı düzəldənə qədər kövrək zamanda belə fətvalar verirlər. Amma hazır olandan sonra artıq fətva dəyişəcək ki, təhlükə olduğu müddətdə nüvə silahı saxlamaq olar. Bu xətt İranın ideoloji siyasi sistemin özəyini təşkil edir. Ümumiyyətlə İranın geri çəkilməməsi, üstəlik uranın zənginləşdirilməsinə davam etməsi ona qarşı aqressiyanı daha artıracaq və İsrailin yeni hücumları ilə üz - üzə qalacaq”.


Nuray Əliyeva