ABŞ Rusiya ilə ticarət edən ölkələri hədəf alır

Bölmə: Siyasət › ,
Tarix: 21:07 23.07.2025

ABŞ administrasiyası Rusiyanın əsas ticarət tərəfdaşlarına təzyiq göstərmək üçün kifayət qədər vasitələrə malikdir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus məlumat verib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikalı rəsmilərin ifadə etdikləri artıq reallıqdan kənardır:

 

“Çünki Ukrayna müharibəsi başlamazdan əvvəl Bayden iqtidarı və onun rəsmiləri, vəzifəyə gəlmək üçün vədlər verən Tramp gəldikdən sonra onun iqtidarının nümayəndələri bir sözlə hamısı deyirdi ki, əgər Rusiya Ukraynaya hücum edərsə, onu iqtisadi baxımdan sanksiyalarla çökdürəcəyik. Müharibədən artıq 3 il keçib. 4-cü ilinə doğru gedir. Amma Rusiya iqtisadiyyatı tam mənada çökdürə bilmədilər. Atdığı addımlar Rusiyanın geri çəkilməyə məcbur etməyib. Rusiya ilə bu və digər səviyyədə çəkindirici heç nə etmədilər. Çin, Hindistan, Türkiyə, Qazaxıstan bu ölkələri qarşına almaq o deməkdir ki, onlardan tez Amerika iqtisadiyyatı özü çat verə bilər. Hər nə qədər Amerika iqtisadiyyatı bu ölkələrin iqtisadiyyatından güclüdür. Xarici təsirlərə qarşı onlardan daha dayanıqlıdırsa da birdən-birə dünyanın ən böyük iqtisadiyyatını qarşısına almaq bunu paralel şəkildə Rusiyanı da gəlsək Amerikanın özü ciddi şəkildə təklənmə riski ilə qarşılaşa bilər. Amerika iqtisadiyyatı çox dözümlüdür və dünyanın ən yaxşısıdır. Buna heç kimin şübhəsi yoxdur. Amma ticarət tariflərində də Tramp bir yerə qədər gedə bildi. Məsələn, Çinə qarşı sanksiyalar tariflər tətbiq edildi. Amma bir də baxanda Trampın özünün çıxdığını gördük və Çin ilə anlaşmanın maraqlı olduğunu deyir. Çünki hər nə qədər Çinə zərbə vursa da, bu artıq Amerika iqtisadiyyatının özündə də müəyyən çatlar yaratmağa doğru davam edir”.


Həşim Səhrablı qeyd edib ki, Çin, Hindistan, Türkiyə, Qazaxıstan Rusiyadan asan imtina edə bilməzlər:

 

“Çünki qlobal qarşıdurmalar qalxır və dünya sistemi çatlayıb. Yeni dünya düzəni formalaşmaqdadır. Bu düzəndə də hamı istəyir ki, özünü daha bağımsız və güclü hiss etsin. Dünya siyasətində Amerikanın təklifləri, əmrləri və qaydaları ilə oturub-durmaq o demək olar ki, həmin bu dövlətlər yeni dünyada Amerikadan asılı vəziyyətə düşsünlər. Ona görə də heç bir dövlət Amerikanın təklifi ilə öz xarici maraqlarından imtina etməyəcək. Kim Rusiyadan nə vaxta qədər və hansı məsələlərdə, əməkdaşlıqda fayda görəcəksə, buna davam edəcək. Əməkdaşlıqda fayda görməyəcək və Amerikanın istədiyi məsələlərdə kompromisə gedəcəklər”.

 

Nuray Əliyeva