Rusiya və Ukrayna arasında danışıqların üçüncü mərhələsi bu gün İstanbulda başlayır

Bölmə: Dünya › ,
Tarix: 21:10 23.07.2025

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında barış danışıqlarının üçüncü turu bu gün İstanbulda keçiriləcək.
Ukrayna rəsmiləri görüşün məhz bu gün baş tutacağını bildiriblər.

 

Rusiya tərəfi isə sadəcə “bu həftə” ifadəsi ilə kifayətlənib, dəqiq vaxtı açıqlamamayıb. Kremlin sözçüsü Dmitri Peskov isə 23 iyul tarixində verdiyi açıqlamada belə deyib:
“Görüş bu axşam başlayacaq. Heç kim bunun asan olacağını düşünməsin. Bu, çox çətin bir proses olacaq”. Peskov bundan öncəki açıqlamasında isə “Danışıqlardan möcüzə gözləməyin”,- deyib.

 

Türkiyə Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, nümayəndə heyətləri arasında ilk görüş bu axşam saat 19:00-da Çırağan Sarayında keçiriləcək. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Metin Gürak da iştirak edəcək.


Ukrayna Prezidenti Volodimir Zelenski bu danışıqlarda əsir mübadiləsinin də gündəmdə ola biləcəyini deyib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşməyə hazır olduğunu bir daha bəyan edib. “Gerçək sülhə nail olmaq üçün liderlər səviyyəsində görüş mütləqdir” ,– deyə Zelenski bildirib.

 

Bu açıqlamalar Rusiyanın Ukraynaya endirdiyi və üç nəfərin ölümünə səbəb olan hava hücumlarından cəmi bir neçə saat sonra verilib. Ukrayna ordusu bildirib ki, həmin hücum zamanı 340-dan çox partlayıcı vasitə, saxta pilotsuz uçuş aparatları və 35 raket, həm qanadlı, həm də ballistik istifadə olunub. Ordunun məlumatına görə, onların böyük əksəriyyəti zərərsizləşdirilib.


BBC News
Nuray Əliyeva