Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... -Orban

Tarix: 21:19 23.07.2025
Rusiyanın Avropaya qarşı müharibəyə başlaması üçün məntiqli bir səbəb görmürəm.Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Rusiya güclü nüvə dövlətidir, onu hərbi yolla məğlub etmək mümkünsüzdür.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu propaganda Britaniya və Avropa İttifaqı tərəfindən aparılır:
“Məqsəd, Birləşmiş Ştatlar və Rusiya arasında mümkün razılaşmanı pozmaq, eyni zamanda Ukrayna müharibəsinin uzadılmasına nail olmaqdır.Avropa İttifaqı çalışır ki, Ukraynaya Birləşmiş Ştatlar tərəfindən dəstək davam etsin və beləliklə, Rusiya strateji məğlubiyyətə uğrasın.Hazırda Rusiya uzun müddətli müharibəni davam etdirməkdə maraqlı deyil.Eyni zamanda Avropa İttifaqına qarşı Rusiyanın hərbi müdaxilə cəhdləri NATO-nun birbaşa müharibəyə qoşulması deməkdir və bu da Rusiya üçün çox ciddi və fəlakətli problemlərə səbəb ola bilər.Ona görə də Rusiyanın hazırda bu istiqamətdə hər hansı bir addım atmaması ilə bağlı fikir yürütmək üçün əvvəlcə real vəziyyətə baxmaq lazımdır.Rusiya kifayət qədər güc itirib, Ukrayna savaşı fonunda iqtisadi cəhətdən zəifləyib, eyni zamanda geosiyasi dayaqları zədələnib. Bu da o deməkdir ki, Rusiyanın Avropa İttifaqı və ümumiyyətlə Qərbə qarşı açıq və genişmiqyaslı müharibəyə başlaması onun maraqlarına qətiyyən cavab vermir”.
Politoloq əlavə edib ki, Rusiya çalışır ki, Ukraynada müəyyən nəticələr əldə etsin, daha geniş əraziləri işğal etsin və beləliklə, danışıqlar masasında daha çox güzəştlər əldə edə bilsin:
“Çünki Rusiyanın maksimalist yanaşması Tramp tərəfindən də müsbət qarşılanmır və Birləşmiş Ştatlarda müəyyən narahatlıqlar mövcuddur.Ona görə hesab edirəm ki, bu cür propaganda Rusiyanın Avropa İttifaqına və digər Qərb ölkələrinə qarşı açıq müharibəyə başlayacağı ilə bağlı konkret fikir söyləməyə əsas vermir.Çünki Rusiyanın hazırda buna potensialının olması mübahisəlidir. Ukrayna müharibəsi Ukraynanın istədiyi kimi getməyib, amma hazırda Ukrayna kifayət qədər dirənir.
Avropa İttifaqı tərəfindən Ukraynaya silah dəstəyi verilir, Tramp isə Ukrayna ilə faydalı qazıntılarla bağlı saziş imzalayıb.
Bu da o deməkdir ki, Ukraynanın daha geniş əraziləri işğal etməsi, Birləşmiş Ştatların maraqlarına zidd olaraq, daha sərt reaksiyalara səbəb ola bilər və bu, Rusiya üçün ciddi problemlər yarada bilər.Ona görə hesab edirəm ki, Rusiyanın böyük müharibəyə, daha doğrusu dünya müharibəsinə səbəb olacaq addımlar atması və ya NATO-nun prosesə birbaşa müdaxiləsinə səbəb olacaq addımlar atması Rusiya üçün fəlakətlə nəticələnə bilər.Bu baxımdan düşünürəm ki, Rusiyanın bu istiqamətdə konkret addımlar atması ilə bağlı fikirlər sadəcə Avropa İttifaqı və Britaniya tərəfindən aparılan propagandanın tərkib hissəsidir”.
Ləman Mahmudlu