Cənubi Qafqazda vəziyyəti izləyirik

Tarix: 21:20 23.07.2025
Bildiyiniz kimi, biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik.Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus keçirdiyi brifinqdə deyib.O, regionda baş verənləri izlədiklərini bildirib.
“Biz müşahidə edirik. Bu, məşğul olduğumuz məsələdir”,- deyə o, əlavə edib.
Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın hər zaman Cənubi Qafqazda maraqları olub:
“Bu, daim də büruzə verilib və təbii haldır. Çünki ABŞ dünyanın əsas supergücüdür və bütün regionlarda görünmək niyyətindədir. Rusiya bunu daha çox güc tətbiqi ilə göstərir, Amerika isə siyasətlə.Cənubi Qafqazda hazırda əsas məsələlərdən biri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh prosesidir. ABŞ üç əsas həmsədr ölkədən biridir və proseslərdən kənarda qalmaq istəmir. Amma hazırda daha çox müşahidəçi mövqeyindədir. Əslində bütün tərəflər hazırda bu mövqedədir. Və bu, Azərbaycan öz gücü hesabına təmin edib”.
Siyasi şərhçi son olaraq açıqlamasına əlavə edib ki, Abu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə vasitəçinin iştirak etməyəcəyi mesajının verilməsi bir çox məqamları üzə çıxarıb:
“Aydın oldu ki, tərəflər əslində vasitəçi olmadan danışıqların aparılmasının tərəfdarıdır. Hazırkı durumdan çıxış etsək, böyük ehtimalla sülh sazişi elə vasitəçi və ya vasitəçilərsiz əldə olunacaq.Bu regionda Amerikanın təsirinin artmasının qarşısını ən çox Rusiya və İran alır. Buna görə də bu təsir dairəsi əksər hallarda artan və ya azalan xətt üzrə inkişaf edir. Hesab edirəm ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır və əsas qərarlar bizə məxsusdur. Azərbaycan hər zaman balanslı siyasətə sadiq qalıb.Amerika müşahidəçi mövqeyində qalarsa, bu daha faydalı olar. Çünki başqa bir xətt Cənubi Qafqaza xeyir gətirməz, sadəcə gərginlik yaradar”.
Ləman Mahmudlu