Fərqli Sahəyə Magistr Keçidi-İmkanlar və Şərtlər

Tarix: 21:25 23.07.2025
Son illərdə bir çox tələbə bakalavr təhsilini bir sahədə başa vurduqdan sonra magistr pilləsində fərqli ixtisasa yönəlməyə çalışır. Bu maraq həm şəxsi maraqlardan, həm də əmək bazarının tələblərindən qaynaqlanır.
Fərqli sahədə magistr təhsili almaq üçün hansı şərtlər var və bu keçidlər nə dərəcədə asan və ya çətindir? Hansı hallarda əlavə hazırlıq tələb olunur?
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov "İnformator.az"a bildirib ki, bütün bu qaydalar Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan vəsaitdə öz əksini tapıb və bakalavr ixtisasından fərqli sahələr üzrə magistr təhsili almaq üçün imkanlar mövcuddur:
"Bu pedaqoji imkanlar eyni zamanda jurnalistika ixtisasına da şamil edilir. İxtisasdan asılı olmayaraq, magistratura səviyyəsində fərqli ixtisaslarda təhsil almaq istəyən bakalavrlar bu prosesdə iştirak edə bilərlər. Bununla yanaşı, əlavə fənlər üzrə imtahanlar və hazırlıq mərhələləri tələb olunur.
Məsələ ondadır ki, bir çox ekspertlər magistratura səviyyəsində fərqli ixtisas seçiminə daha geniş imkanlar yaradılmasını məqsədəuyğun hesab edirlər. Beynəlxalq təcrübədə də müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, magistr təhsili, əsasən, bakalavr pilləsində toplanmış kreditlərə uyğun olaraq ixtisas seçiminə imkan verir. Yəni bakalavr dövründə toplanan kreditlər hansı sahəyə aiddirsə, bir çox xarici ölkələrdə də magistr qəbulu zamanı bu əsas meyar kimi nəzərə alınır. Çünki fərqli ixtisas üzrə bakalavr təhsili almış şəxsin tamamilə başqa bir sahədə magistr təhsili alması, onun baza təhsilinin uyğunluğunu tələb edir.
Lakin ixtisas seçimi kifayət qədər aydın və sadədir. Bu sahədə normativ sənədlər və ixtisasların təsnifatı mövcuddur. Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul üçün ixtisas seçiminə dair məlumatlar xüsusi jurnalda dərc olunur. Magistr təhsili almaq istəyənlər və imtahanı uğurla keçən şəxslər həmin vəsaitlər vasitəsilə öz suallarına rahatlıqla cavab tapa bilirlər. Jurnalda təsnifatlara uyğun olaraq bakalavr pilləsində təhsil alınan ixtisasa əsasən, hansı magistr ixtisaslarında təhsil almağın mümkün olduğu açıq şəkildə göstərilir. Bu baxımdan, magistratura səviyyəsində ixtisas seçimi ilə bağlı ciddi çətinliklərin olmadığı qənaəti formalaşır.Əgər ixtisas seçimi zamanı hər hansı bir çətinlik yaranarsa, bu sahə üzrə peşəkar və təcrübəli təhsil ekspertlərinə müraciət etmək tövsiyə olunur".
Ekspertlərin fikrincə, daha məqsədəuyğun yanaşma ondan ibarətdir ki, həm bakalavr, həm də magistr pilləsində ixtisas seçimi abituriyentin özü tərəfindən aparılsın:"Beləliklə, o, gələcəkdə peşəkar bir mütəxəssis olaraq sevdiyi işi icra edə bilər".
Türkan Kərimli