Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxıb

Bölmə: Dünya › ,
Tarix: 20:14 12.08.2025

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır, bunu erməni jurnalist Aram Şahnazaryan deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Pezeşkianın mövqeyinə görə, Zəngəzur dəhlizi dövlətlərin ərazi bütövlüyünü pozmur:

 

"ABŞ amilinin olması İranı narahat edir. Çünki İranla ABŞ arasında münasibətlərin gərginliyi bütün dünyaya bəllidir. Düzdür, 2015-ci ildə Qərblə, o cümlədən ABŞ ilə İran arasında nüvə sazişi imzalansa da, Donald Tramp prezidentliyinin birinci dövründə bu sazişdən birtərəfli qaydada çıxdı və İrana qarşı sərt mövqe nümayiş etdirdi.Eyni zamanda, Trampın ikinci prezidentlik dövründə İranla ABŞ arasında müzakirələr başladı və bir sıra görüşlər keçirildi. Yanılmıramsa, altıncı görüş baş tutmalı idi. Lakin bu gün də iki ölkə arasında gərginlik qalmaqdadır. Buna görə də İran, xüsusilə ali dini rəhbər səviyyəsində, Zəngəzur dəhlizi məsələsində sərt mövqe sərgiləyir. Bununla yanaşı, İranın kifayət qədər praqmatik prezidenti – Pezeşkian – həmişə qeyd edir ki, qonşu ölkələrlə və ümumilikdə dünya dövlətləri ilə konstruktiv münasibətlər qurmaq lazımdır. Oxşar mövqedən İranın xarici işlər naziri Abbas Araqçı da çıxış edir və beynəlxalq təmasların fəallaşmasında maraqlı olduğunu bildirir. Pezeşkianın mövqeyinə görə, Zəngəzur dəhlizi dövlətlərin ərazi bütövlüyünü pozmur və onun təhlükəli olduğunu düşünmək əsassızdır. Prezidentin rəsmi açıqlamasına görə, bu məsələ İran üçün narahatlıq doğurmur. Əksinə, regionda kommunikasiyaların açılması İran da daxil olmaqla bütün ölkələrin maraqlarına cavab verir. Azərbaycan isə regionda hər zaman əməkdaşlığı təşviq edib.Regiondakı strateji layihələrin əksəriyyəti Azərbaycanın təşəbbüsü və mərkəzi iştirakı ilə həyata keçirilib. Bu gün Cənubi Qafqazın strateji əhəmiyyəti xeyli artıb, çünki ən vacib nəqliyyat arteriyaları buradan keçir. Zəngəzur dəhlizi də mövcud nəqliyyat xətlərinin mühüm hissəsinə və tarixi İpək yolunun vacib komponentinə çevrilə bilər. Bundan İran da böyük fayda görə bilər.Digər tərəfdən, Azərbaycan qonşularına qarşı həssas münasibət göstərir. Prezidentin də vurğuladığı kimi, ölkəmizin ərazisində hər hansı yol və onun üzərində nəzarət məsələsi müzakirə predmeti deyil. Əgər Zəngəzur dəhlizinə ABŞ nəzarəti olarsa, bu, Ermənistanla bağlı bir məsələdir.Azərbaycan regionda hər kəsin maraqlarına cavab verən əməkdaşlığı dəstəkləyir və bu sistemin qurulmasına töhfə verir. Regional nəqliyyat layihələrində də Azərbaycanın mövqeyi həmişə belə olub: bu layihələr barış və sülh gətirməli, bütün region ölkələrinin maraqlarına xidmət etməli və səmərəli əməkdaşlığa yol açmalıdır".

 

Qəmər Kazımzadə