İran Zəngəzurda fürsətləri itirib-Sərməst

Tarix: 10:48 13.08.2025
İranın Şərqi Azərbaycan ostanının valisi Bəhram Sərməst deyib ki, keçmişdə imkanlar və fürsətləri itirdik, indi Araz dəhlizinin sürətlə tikintisi ölkənin əsas prioritetidir.
"Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişi və Zəngəzur dəhlizinin açılmasına dair razılıq əldə olundu və əgər biz Araz dəhlizi layihəsinə əvvəllər başlasaydıq, indi regionun tranzit üstünlüklərindən istifadə etmək üçün daha yaxşı şəraitimiz olacaqdı", - o əlavə edib.
Sərməst baş verənlərdən nəticə çıxarılmasını tövsiyə edib və Araz dəhlizinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb:
"Araz dəhlizinin tikintisi bizim səylərimizlə ölkənin əsas inkişaf prioritetinə çevrilib və bu strateji layihənin icrası İran və Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmaya uyğun olaraq sürətlə davam etdirilir".
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Rəsmi Tehran, həmçinin İranın siyasi elitası Azərbaycana münasibətdə yanlış siyasət yürüdüldüyünü etiraf edib:
“Bütün bu deyilənlər onu göstərir ki, Rəsmi Tehran, o cümlədən İranın siyasi elitası Azərbaycana münasibətdə yanlış siyasət yürüdüldüyünü etiraf edir. Ümumiyyətlə, İranın Cənubi Qafqaz siyasəti mövcud geopolitik reallıqlardan uzaq olduğuna görə hazırda Rəsmi Tehran müəyyən ciddi problemlərlə üzləşməyə başlayıb və bunun sırasında da Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesdən kənarda qalması yer alır. İran ərazisindən Azərbaycan və Naxçıvanı birləşdirəcək tranzit marşrutunun açılması ilə bağlı razılaşma kifayət qədər uzun müddət əvvəl əldə olunub. Ancaq indiyə qədər Rəsmi Tehran bu anlaşmanı icra etməyə o qədər də tələsməyib və nəticədə indi Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılma məsələsi daha da aktuallaşıb. Üstəlik, Zəngəzur dəhlizinin açılmasında indi ABŞ birbaşa iştirakçı rolunu oynayır. Bu isə İran üçün olduqca ciddi bir problem kimi qəbul olunur. Çünki əgər ABŞ Zəngəzur dəhlizinin açılmasında iştirak etmək niyyətinə düşübsə, bu o deməkdir ki, dəhliz həqiqətən də açılacaq və orada İran, eyni zamanda Rusiya iştirak etməyəcək. Belə olduqda da İran ərazisindən alternativ marşrut məsələsi o qədər də aktual xarakter daşımayacaq. Bütün bunları nəzərə alsaq, İran həqiqətən də çox böyük fürsətləri əldən verib və indi o fürsətləri geri qaytarmaq demək olar ki, mümkün deyil. Çünki Zəngəzur dəhlizi Amerika Birləşmiş Ştatlarının nəzarəti altında uzun onilliklər boyu fəaliyyət göstərəcək. Beləcə də, İran ərazisindən əlavə marşruta ehtiyac qalmayacaq. Üstəlik, Zəngəzur dəhlizinin ABŞ-nin nəzarəti altında açılması bütövlükdə Cənubi Qafqazdakı geopolitik, geoiqtisadi və geostrateji proseslərin məzmun və keyfiyyətini də dəyişmiş olacaq. Cənubi Qafqazda yeni situasiya yaranacaq və bu yeni situasiya indiyə qədər olan şərtlərdən kifayət qədər fərqlənəcək. Həm Rusiya üçün, həm də İran üçün Cənubi Qafqaz məkanında manevrlər etmək imkanları məhdudlaşmış olacaq. Hesab etmək olar ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistan üçün, o cümlədən də bütövlükdə Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır. Buna paralel olaraq da Zəngəzur dəhlizinin indi beynəlmiləlləşdirildiyini nəzərə aldıqda, ABŞ üçün də strateji hədəflərin reallaşdırılmasında xüsusi önəm daşıyan bir layihəyə çevrildiyini düşünmək mümkündür”.
Lalə Qurbanlı