Rusiyadan Zəngəzur bəyanatı: Rus sərhədçiləri bölgədədir

Tarix: 15:24 13.08.2025
Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
“Bir daha diqqətinizi cəlb etmək istərdim ki, Mariya Zaxarovanın avqustun 9-da dərc olunmuş şərhində hər şey açıq şəkildə öz əksini tapıb. Biz bu mövqedən çıxış edirik.
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər toplusuna gəlincə, onlar aktuallığını qoruyub saxlayır, çünki tərəflərdən heç biri onlardan geri çəkilməyib. Biz Ermənistanın bütün sahələrdə normallaşmasına yardım etməyə hazırıq. Bunu həm nazirliyin rəhbərliyi, həm də ölkə rəhbərliyi dəfələrlə bildirib.
“Tramp yolu”na gəlincə, belə demək mümkünsə, öz mövqeyimizi qoruyuruq. Rusiya Xarici İşlər Nazirliyi hələlik ictimaiyyətə açıqlanmayan layihənin təfərrüatlarını öyrənəcək. Artıq qeyd etdiyimiz kimi, Cənubi Qafqazda bu işə xarici qüvvələrin cəlb edilməsi sülh gündəminin irəliləməsinə təkan verməli, yeni problemlər və bölücü xətlər yaratmamalıdır.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Sünik bölgəsində Rusiya sərhədçilərinin olması kimi amilləri də nəzərə almaq zərurətini bəyan etmişik. Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən və qəbul edilərkən bu hallar nəzərə alınmalıdır”, - Fadeyev vurğulayıb.