"23 fevralı qeyd edənlər milli duyğulardan uzaqdırlar"-Zaur Əliyev

Tarix: 20:20 23.02.2024
Ölkəmizdə bəzi insanlar hələ də 23 fevralı- Sovet ordusunun yarandığı günü "kişilər bayramı" kimi qeyd edirlər.
Bəs bu tarixin altında hansı faktlar gizlənir?
Belə bir günü xalqımız hələ də bayram kimi qeyd etməlidir?
Tarixçi alim Zaur Əliyev bu barədə "İnformator.az" a açıqlama edib:
"Sovet hərbiçiləri 20 yanvar 1990-cı ildə və 26 fevral Xocalıda 70 illik 23 fevral təbrikinin "əvəzini" verdilər. Rusiya işğalçı olaraq ələ keçirdiyi dövlətlərə bu tarixdə ağır zərbələr vurub. 23 fevral 1918-ci ildə sovet və daşnak birlikləri Türküstanda yaradılmış Kokand Muxtar Cümhuriyyətini ləğv etdilər. O zaman onminlərlə sıravi insanlar qanlarına qəltan edildilər. 23 fevral 1944-cü ildə çeçen və inquşlar ata-baba yurdlarından qoparılaraq toplu şəkildə Qazaxıstan çöllərinə sürgün edildilər. Vaynax xalqının bu faciəsi nəticəsində bir çox insanlar yolda və sürgündə həlak oldular. 23--26 fevral 1918-ci ildə Cənubi Azərbaycanın Urmiya ərazisində Rus polkovnikin rəhbərliyi altında erməni, aysor və kürdlərdən ibarət dəstə azərbaycanlıların yaşadığı əraziyə hücum edərək soyqırım həyata keçirdilər. Rusların başçılığı, ingilis və Amerikanın himayəsi altında olan ermənilər həmin gün beş mindən çox Urmiya sakinini vəhşicəsinə qətl etdi. Qırğının birinci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edildi. Qırğının ikinci günü isə gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidildi, günahsız insanların çığırtısı qulaq batırdı. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürdülər".
Müsahib deyir ki, bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb.
"Həmin dövrlərdə Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub. Azərbaycan neftinə sahib olan bolşevik höküməti təşəkkürünü repressiyalar, qətillərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olan azərbaycanlıların sayı 350 minə yaxın idi. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak oldu. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişdi.
Baxmayaraq ki, Rusiyanın xilasında azərbaycanlılar və Azərbaycan xüsusi rol oynayıb. Bakı nefti olmasaydı, Rusiya qüdrətli dövlət ola bilməyəcək və ən əsası II Dünya müharibəsində tamamilə məğlub olacaqdı. Ümumiyyətlə, müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşü barədə çoxumuz bilirik.
23 avqust, 1942 – 2 fevral, 1943-cü illərdə baş verən bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərib. Təkcə 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub.
Vermaxtın xarici hərbi bölüklərindən biri də Azərbaycan legionu olub. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi".
Tarixçi bildirir ki, legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilir.
"1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taborlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabor almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. Stalinqradın müdafiəsi zamanı küçə, məhəllələrdə də döyüşlər gedib. Tədqiqatçı Xristofer Ailsbi, Vladislav Anders və bu sahədə ciddi tədqiqatları olan Antonio Munoz əsərlərində qeyd edirlər ki, iki əks cəbhədə xidmət edən azərbaycanlılar Stalinqradda üz-üzə gəlirlər. Alman ordusunda xidmət edən azərbaycanlılar onlara qarşı azərbaycanlılardan ibarət bölüyün olduğunu bilirdilər. Alman zabitlərinin əmrlərinə baxmayaraq Vermaxtın əsgərləri olan azərbaycanlılar öz soydaşlarına güllə atmaq istəmirdilər. Əmrə tabe olmadıqlarına görə alman zabitləri azərbaycanlı əsgərləri güllələmədilər. Buna baxmayaraq sona qədər öz qardaşlarına güllə atmaq istəməyən Vermaxtın zabitləri sonda azərbaycanlı diviziyanı Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarına göndərdilər. Bu diviziyanın geri çəkilməsi isə bir neçə əsas strateji yerlərin sovetlərin əlinə keçməsinə səbəb oldu ki, II Dünya müharibəsinin taleyinə ciddi təsir etdi. Stalinqrad sovetlər tərəfindən azad edildi.
Bütün buna baxmayaraq Rusiya 200 minə qədər legioneri ölkəyə qayıtmağa izin vermir, neçə- neçə azərbaycanlı döyüşdən sonra vətən xaini kimi güllələnir, yüzlərlə azərbaycanlı haqqı olan adı və rütbəni ala bilmirlər. Bakı isə qəhrəman şəhərlər sırasına salınmır. Halbuki ermənilər alman ordusunun tərkibində krematoriyalarda yəhudi, rus və digər xalqları diri-diri yandırdılar. Nijdenin faşist ordusunda killer olmasına dair yüzlərlə sənəd var.
Nəticə nədir? Bu gün Rusiya onu xilas edən dövlətə və xalqa düşmənə dəstək olmaqla öz təşəkkürünü belə bildirir.
Hələ bu qısa çəkdiyim faktlardır, rus əsgərlərinin bizim xalqa, dünya xalqlarına etdiklərini yazmağa min-min səhifə lazımdır. Görəsən bu günü qeyd edən şəxslərin Şəhidlər Xiyabanına yolu düşür? Xocalı, Daaşaltı, Malıbəyli və digər faciələrimizi xatırlayırlar? Bütün bu xalqımızın son 30 ildə başına gələnlərin rus-sovet əsgərləri olduğunu bilmirlər? Hələ tarixi qoyaq kənara, 1988-ci ildən baş verən bütün faciələrimizin kökündə Rus- Sovet dövləti durmurmu?
Öz ordumuzun yaranması tarixi var.
Həmin tarixi daha da qutsal edə bilmək öz əlimizdədir. Bəlkə elə qələbəyə gedən yolumuz həmin tarixin daha təntənəli, hamılıqla qeyd olunmasından keçir? 23 fevraldan əvvəl 20 yanvar, sonra 26 fevral, 2 aprel, 8 may, 18 may... kimi tarixlər gəlir. Həmin tarixlərdə nə qədər şəhid, əlil olan, əsir düşən kişilərimiz var. Azərbaycanda hələ də kommunist təfəkkürü ilə yaşayan bəzi Rusiya meyilli şəxslər tərəfindən 23 fevral bayram kimi qeyd olunmaqla yanaşı, həm də kişilər günü kimi qeyd olunur. Bu günün mahiyyətini bilmədən 23 fevralı kişilər günü kimi keçirənlər də var. 23 fevralı kişilər günü kimi qeyd etmək bunları görməzlikdən gəlməkdir. 23 fevralı Azərbaycanda işğalçı ordunun yubileyi kimi qeyd etmək daha doğru olardı. Əgər bu ordunun yarandığı günü Azərbaycanda bayram kimi qeyd edənlər varsa, bunların hamısı sovetin qalığı olan insanlardır. Onlar milli duyğulardan uzaqdırlar. Bu günü ümumiyyətlə, tarixdən silmək lazımdır".
Banuçiçək Kalbalıyeva