00:00:00
Yazar
Admin User
14.09.2015 17:28 512 2 dəq oxuma
Siyasət

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib
Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən il ərzində təşkilata uğurla sədrlik etdiyinə görə Türkiyəyə minnətdarlığını bildirdi. Tarix boyunca türkdilli xalqların birlikdə mühüm uğurlar qazandıqlarını söyləyən Qazaxıstan Prezidenti bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün səylərin daha da gücləndirilməsinin, Türk Şurasının beynəlxalq qurumlarda fəal təmsil olunmasının əhəmiyyətini vurğuladı.

Xəzər dənizinin tranzit qabiliyyətinin artırılmasının, Avrasiya quru nəqliyyat dəhlizi layihəsinin vacibliyini qeyd edən Prezident Nursultan Nazarbayev bu layihələrin Türk Şurasına üzv dövlətlər arasında müxtəlif sahələrdə, o cümlədən turizmin inkişafında mühüm rol oynayacağını bildirdi. Qazaxıstan Prezidenti 2017-ci ildə Astanada keçiriləcək Expo Sərgisində Türk Şurasına üzv ölkələrin geniş təmsil olunacaqlarına əminliyini vurğuladı, Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı. Təhsil sahəsində əməkdaşlığın rolundan danışan Qazaxıstan Prezidenti ortaq türk tarixi fənninin tədrisinin vacibliyindən danışdı, bu baxımdan Türk Akademiyasının rolunu yüksək qiymətləndirdi. Ortaq Türk İnvestisiya Fondunun qurulmasının vacibliyini bildirən Nursultan Nazarbayev, həmçinin Ortaq Türk Televiziya Kanalının da yaradılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini vurğuladı.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz 2009-cu ildə Naxçıvan Sazişi ilə yaradılan Türk Şurasının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırdı. Müasir dövrdə dünyada sürətli dəyişikliklərin baş verdiyini bildirən İ.Yılmaz məhz bu baxımdan informasiya texnologiyalarının əhəmiyyətini qeyd etdi. Türkiyə parlamentinin sədri dünyanın müxtəlif bölgələrində regional əməkdaşlığın sürətlə inkişaf edərək mühüm önəm qazandığını vurğuladı, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, bu prosesdə informasiya texnologiyaları mühüm rol oynadığından builki Sammitin bu mövzuya həsr olunması çox vacibdir. İ.Yılmaz məhz bu baxımdan türkdilli dövlətlər arasında ortaq televiziya və xəbər agentliklərinin yaradılmasının əhəmiyyətini bildirdi.

Regionda mövcud münaqişə ocaqlarından danışan İ.Yılmaz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sabitliyə ən böyük təhdid olduğunu vurğuladı. Bildirdi ki, Türk Şurasına üzv ölkələr bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün səylərini artırmalıdır. Münaqişənin həlli prosesində Türkiyə və digər üzv ölkələr Azərbaycanın yanındadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər