00:00:00
Yazar
Admin User
22.09.2025 08:10 116 6 dəq oxuma
Sosial

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”

Fərmandan irəli gələn məsələlər, Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı vasitəsi ilə təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir. İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb.

 

"İnformator.az" xəbər verir ki, Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər. Bu da hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödənilən gediş haqqının tənzimlənən tarif olduğu da nəzərə alsaq, bu sadə biznes modelin gəlirli olmaması aydın görünür.

 

Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir Avtobusla müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına səbəb olur. Nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsi ilə beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur. Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət intervalları qiymətləndirilib. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar vasitəsi ilə qarşılanması qeyri-mümkündür. Bu xüsusda, Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək. Model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət vasitəsi ilə ayrılan vəsait hesabına qarşılanacaq. “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fond müəyyən edilmiş meyarlara cavab verən avtobuslarla sərnişindaşıma xidməti göstərən daşıyıcıların müntəzəm sərnişindaşımaları sahəsində xərclərinin əvəzinin ödənilməsi üçün yaradılıb. Müntəzəm sərnişindaşıma sahəsində daha keyfiyyətli xidmətin göstərilməsi üçün avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti sistemi yenidən qurulur. Məqsəd müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın artırılmasıdır. Yeni maliyyələşmə qaydasına əsasən, tənzimləyici qurum marşrut xətti üzrə qət ediləcək məsafənin ümumi həcmini, bu həcmin icra olunması ilə bağlı kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edir və buna uyğun olaraq daşıyıcıya qanunvericiliklə müəyyən edilmiş xidmət haqqını ödəyir. Ödəniş hesablanarkən şirkətin xərcləri və qazancı nəzərə alınır. Bu yanaşma sərnişinlər üçün daha keyfiyyətli və etibarlı xidmət təmin edir. Xidmət haqqı müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərcləri və mənfəəti qarşılanmaqla hesablanır. Bu yanaşma ictimai nəqliyyat xidmətinin kifayət qədər yüksək keyfiyyətini və etibarlığını təmin edir.

 

“Brutto müqavilə” modelinin tətbiqindən sonra:

 

• Daşıyıcının riskləri azalacaq – daşıyıcının sərnişin axının azalması və ya gediş haqqının ödənilməsindən əldə edilən gəlirlərin məbləğinin dəyişməsi ilə bağlı riskləri aradan qalxacaq. Bu, daşıyıcını gəlirlərini optimallaşdırmaq və ya maksimallaşdırmaq məqsədilə əlavə sərnişinlərin cəlb edilməsi cəhdlərindən çəkindirəcək və yalnız müqavilə şərtlərinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməyə sövq edəcək. Tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi məsafəyə, yəni kilometrlərə görə qurum vasitəsi ilə ödəniş ediləcək.

• Xidmət keyfiyyəti artacaq – daşıyıcının qazancı sərnişin sayından deyil, tənzimləyici qurum ilə bağladığı “brutto müqavilə”nin şərtlərinə nə dərəcədə əməl etməyindən asılı olacağından daşıyıcı xidmət səviyyəsini yaxşılaşdırmaqda və hərəkət qrafikinə əməl etməkdə maraqlı olacaq. Eyni zamanda, tənzimləyici qurum “brutto müqavilə”də öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə sistemi tətbiq etməklə, daşıyıcını yüksək xidmət səviyyəsini saxlamağa təşviq edəcək.

• Xidmətlərin əlçatanlığı artacaq – daşıyıcılar nisbətən gəlirli və gəlirli olmayan marşrutlar arasında seçki etməkdə maraqlı olmayacaq. Bu isə şəhərətrafı marşrutlarda da eyni xidmət səviyyəsinin təmin edilməsinə və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılmasına şərait yaradacaq.

• Bazar amillərindən asılılıq azalacaq – daşıyıcı iqtisadi böhran və ya pandemiya kimi xarici amillərdən qorunmuş olacaq ki, bu da nəqliyyat sisteminin dayanıqlığına gətirib çıxaracaq;

• Sahənin “kölgə” iqtisadiyyatından çıxması daha da sürətlənəcək – Marşrutların nağdsız ödənişə keçidini təşviq etməklə gediş haqqının toplanması, xidmət haqqının ödənilməsi və daşıyıcıların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaranacağından sahənin “kölgə” iqtisadiyyatından çıxarılması mümkün olacaq.

• İctimai nəqliyyat xidmətlərinin cəlbediciliyi artacaq – nəqliyyat vasitələrinin təmiz və səliqəli saxlanması, hərəkət qrafikinə riayət edilmənin yüksək olması ictimai nəqliyyat xidmətlərinin cəlbediciliyini artıracaq, bu da fərdi nəqliyyatla səfərlərin sayının azalmasına və yollarda sıxlığın azalmasına səbəb olacaq.

• Yol hərəkəti təhlükəsizliyi artacaq – sürücülərin iş və istirahəti əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin ediləcəyindən, nəqliyyat vasitələrinə keyfiyyətli texniki xidmətin göstərilməsi üçün şərait yaranacağından yol hərəkəti təhlükəsizliyinə təhdid yaradan amillər minimuma enəcək, yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azalması üçün zəmin yaranacaq.

• Ətraf mühitə mənfi təsir azalacaq – dayanıqlı maliyyələşmə mexanizmi avtobus parkını davamlı şəkildə ekoloji cəhətdən təmiz avtobusların hesabına yeniləməyə şərait yaramaqla ətraf mühitin mühafizəsinə töhfə verəcək.

 

Yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi, eləcə də nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqdan formalaşacaq. Məbləğlə bağlı təklifləri Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Qeyd edək ki, böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq və tıxacı artırır, şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönələn beynəlxalq təcrübədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər