00:00:00
Yazar
Lalə Qafarova
21.02.2026 13:37 21 2 dəq oxuma
Media

"Mediada şifahi və yazılı nitq: ifadə-üslub xətaları və onların redaktəsi məsələləri” mövzusunda təlim keçirildi

"Mediada şifahi və yazılı nitq: ifadə-üslub xətaları və onların redaktəsi məsələləri” mövzusunda təlim keçirildi

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim keçirildi. 

"İnformator.az" xəbər verir ki, təlimi ədəbiyyatşünas və redaktor Seyfəddin bəy Hüseynli apardı. O, “Mediada şifahi və yazılı nitq: ifadə-üslub xətaları və onların redaktəsi məsələləri” mövzusunda çıxış etdi. 


Təlimdə qrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yad sözlərin artması kimi problemlərdən bəhs olundu. Qeyd edildi  ki, sosial şəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biri seriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsi birmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzən yanlış anlaşılır.

Bildirildi ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxil olub və artıq işlək formaya çevrilib. Məsələn, “ruçka” sözü gündəlik danışıqda geniş istifadə olunsa da, yazıda “qələm” variantına üstünlük verilir. Eyni zamanda, müəyyən anlayışlar başqa mədəni mühitdə formalaşaraq dilimizə keçib və zamanla oturuşub. Süni şəkildə söz yaratmaq və ya mövcud sözləri zorla əvəz etmək isə məqsədəuyğun sayılmır. Vurğulandı ki, sağlam düşüncə olmadan düzgün və təmiz nitq formalaşa bilməz.

Nitq mədəniyyətinə ailə mühitinin təsiri də diqqətə çatdırıldı. Uşaqların erkən yaşlardan telefon və digər rəqəmsal vasitələrə məruz qalması, ailədə müxtəlif dillərin qarışıq şəkildə işlədilməsi onların dil inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan ailə üzvlərinin, xüsusilə yaşlı nəslin nitqi mühüm rol oynayır.

Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlük təşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinə də toxunuldu. Qeyd olundu ki, biliklərin praktik tətbiqi zəiflədikdə nitq mədəniyyəti də zərər görür.

 

Həmçinin bildirildi ki, yol hərəkəti qaydalarında olduğu kimi, dilin də müəyyən norma və sərhədləri var. Bu sərhədlər qorunmadıqda səhvlər zamanla normativ kimi qəbul oluna bilər. Dilin inkişafı təbii proses olsa da, sürət naminə keyfiyyətdən imtina etmək düzgün deyil.

 

Orfoepiya lüğətinin olmaması və orfoqrafiya lüğətindəki problemlər də aktual məsələlər kimi qeyd edildi. Bundan əlavə, mediada üslub qarışıqlığı, ifadə və terminoloji qeyri-dəqiqliklər dil problemləri sırasında göstərildi. 

Təlimin sonunda praktik tapşırıqlar yerinə yetirildi və mövzu ətrafında müzakirələr aparıldı.

 

Lalə Qafarova

#gündəm #yeni #xətaları #təlim
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər