Cəfər Cabbarlının əsəri müasir səhnədə – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrıda “Aydın” premyerası
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası martın 18-19-da baş tutacaq. Xalq artisti Firudin Məhərrəmovun quruluşunda təqdim ediləcək səhnə əsəri müasir teatr estetikasında fərqli yanaşması ilə seçilir.
Quruluşçu rejissor Firudin Məhərrəmov "İnformator.az"a verdiyi açıqlamada bildirib ki, Cəfər Cabbarlının bu əsəri ağır dramaturji xəttə malik olsa da, yeni quruluşda əsas diqqət obrazların insan taleyindəki real yerinə yönəlib. Müasir dövrün tələblərinə uyğun olaraq, tamaşada klassik romantik pafosdan imtina edilib:
"Məlumdur ki, əsər çox güclü romantik pafosla yazılıb. Lakin müasir teatr estetikasında bu cür oyun tərzi qəbul olunmur. Bu baxımdan biz əsərin dilini bu pafosdan bir qədər təmizləməli olduq və Cabbarlının poetik üslubuna xələl gətirmədən, aktyorların oyun üslubunda sadəliyi, həyatiliyi əsas götürdük".
Tamaşada cəmiyyətin mənəvi aşınması və maddiyyatın ön plana çıxması əsas metafora kimi istifadə edilib. Rejissorun sözlərinə görə, səhnə əsəri mənəviyyatın alınıb-satıldığı bir mühiti əks etdirir:
"Cabbarlı pyesdə pul, var-dövlət, hərrac bazarı kimi ifadələri qabardaraq, böyük bir səhnəni Kazino mühitinə həsr edib. Sanki deyir ki, həyat bir hərrac bazarıdır. Biz də tamaşanın quruluşunda bu metaforaya köklənərək, hər şeyin, əsasən də insan mənəviyyatının alınıb-satıldığı eybəcər bir əxlaqsız mühitə vurğu vurmağa çalışdıq".
Aydın və Gültəkin obrazlarının faciəsinə toxunan rejissor qeyd edib ki, hər iki qəhrəman əslində öz dövrlərinin qurbanlarıdırlar. Aydının idealist baxışı və cəmiyyətin sərt qanunları arasındakı çırpıntısı onu Hamlet obrazı ilə eyniləşdirir.
Sonda rejissor vurğulayıb ki, tamaşa dramatik notlarla bitsə də, əsas məqsəd gənc nəslin həyata baxışını yeniləməkdir:
"İnanıram ki, tamaşaçılar, ən əsası da gənclər həyatda necə yaşamaq, necə mübarizə aparmaq haqda düşüncələrini yeniləyəcək və həyata baxışlarında daha diqqətli olacaqlar".
Qeyd edək ki, tamaşanın səhnə tərtibatı Samirə Həsənovaya, geyim üzrə rəssam işi Aygün Mahmudovaya, musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur. Biletləri şəhərin bütün kassalarından və onlayn qaydada əldə etmək mümkündür.
Lalə Əhməd
