00:00:00
Yazar
Səadət Əlizadə
21.05.2026 13:31 156 3 dəq oxuma
Media-Yubiley

“Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin bağlanış tədbiri keçirildi –“İNFORMATOR.AZ”DAN LAYİHƏYƏ MEDİA DƏSTƏYİ

“Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin bağlanış tədbiri keçirildi –“İNFORMATOR.AZ”DAN LAYİHƏYƏ MEDİA DƏSTƏYİ

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadimi, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin l mərhələsinin bağlanış tədbiri keçirildi. Tədbirin xüsusi qonağı isə Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar jurnalist Rəşad Məcid oldu.

 

Layihədə tələbələrin yaradıcılıq qabiliyyətlərinin  inkişaf etdirilməsi və onların jurnalistika sahəsində fəaliyyətə təşviq olunması məqsədilə yazı müsabiqəsinin təşkil ediləcəyi bildirildi.

 

Bu barədə danışan Tələbə Həmkarlar İttifaqı Komitəsi Jurnalistika fakültəsinin sədri Nurlan Cəbrayılzadə müsabiqənin sentyabrın 21-də elan olunacağını diqqətə çatdırdı. O,bildirdi ki, tələbələrin professor Nəsir İmanquliyevin yaradıcılığına həsr etdikləri məqalələr layihənin əsas informasiya və media tərəfdaşı olan “İnformator.az” saytında yayımlanacaq və bunu xüsusi komissiya qiymətləndirəcək.

 

Həmçinin vurğulandı ki, “İnformator.az” saytının layihəyə göstərdiyi informasiya dəstəyi gənclərin yaradıcılıq fəaliyyətinin təşviqinə əhəmiyyətli töhfə verir. Bu baxımdan sayt tədbirin geniş ictimaiyyətə çatdırılması, layihənin mediada işıqlandırılması və gənclərin təşəbbüslərinin tanıdılması istiqamətində mühüm rol oynayır.

 

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyev tədbirin açılışında çıxış edərək Bakı Dövlət Universitetinin hər zaman öz ənənələrinə və korifey müəllimlərinə böyük ehtiramla yanaşdığını bildirdi. O qeyd etdi ki, universitetin əsas güclü tərəflərindən biri ənənələrə sadiq qalaraq inkişaf etməsidir.

 

Əliş Ağamirzəyev belə layihələrin gənclərdə milli irsə və görkəmli ziyalıların fəaliyyətinə marağı artırdığını dedi. O, “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsində keçirilən mühazirələrin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini bildirdi.

 

Daha sonra çıxış edən Rəşad Məcid tələbəlik illərində professor Nəsir İmanquliyevdən dərs aldığını xatırladaraq, onun Azərbaycan jurnalistikasında yaratdığı məktəbin bu gün də yaşadığını vurğuladı. O qeyd etdi ki, Nəsir İmanquliyev təkcə böyük pedaqoq deyil, həm də milli mətbuat tarixində mühüm yeniliklərə imza atan görkəmli redaktor olub.

 

O,  rəhbərlik etdiyi “525-ci qəzet”dəki bir sıra ənənələrin əsasını da məhz  Nəsir İmanquliyevin qoyduğunu diqqətə çatdırdı.

 

BDU-nun “Milli mətbuat tarixi kafedrası”nın müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli çıxışında  milli mətbuatın yaddaşını yaşadan qəzetlərin tariximizin ayrılmaz hissəsi olduğunu söylədi.Bu baxımdan professor “525-ci qəzet”in Azərbaycan mətbuatındakı xüsusi yerindən də danışdı. O, “525-ci qəzet”i Azərbaycanın canlı mətbuat tarixi kimi dəyərləndirərək, belə nəşrlərin göz bəbəyi kimi qorunmasının vacibliyinə də toxundu.


Eyni zamanda, Cahangir Məmmədli “Professor Nəsir İmanquliyev dərsləri” layihəsini də yüksək qiymətləndirdi. Professor tələbələrin bu təşəbbüsdə fəal iştirakını xüsusi təqdir edərək, belə layihələrin jurnalistika ənənələrinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını da qeyd etdi.

 

BDU-nun “Multimedia və elektron kommunikasiya kafedrası”nın  müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında layihənin təşkilinə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi.O, tələbələrin layihədə böyük həvəslə iştirak etməsini yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

 

Qulu Məhərrəmli həmçinin professor Nəsir İmanquliyevin Azərbaycan jurnalistikası üçün hər zaman ləyaqət və ciddiyyət simvolu olduğunu və onun formalaşdırdığı məktəbin bu gün də öz təsirini qoruyub saxladığını xüsusilə vurğuladı.

 

Sonda çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu jurnalistika  fakültəsinin  yalnız təhsil məkanı deyil, həm də müəyyən dəyərləri və ənənələri təmsil edən canlı bir mühit olduğunu söylədi.O, professor və müəllimlərin xatirəsini ehtiramla yad edərək, bu ənənələrin yaşadılmasında fəallıq göstərən tələbələrə təşəkkürünü bildirdi.

 

Xüsusilə layihənin təşkilatçılarından olan Nurlan Cəbrayılzadənin fəaliyyətini yüksək qiymətləndirən dekan, onun timsalında bütün gənclərə minnətdarlığını ifadə etdi.

 


Tədbiri Nurlan Cəbrayılzadənin bağlanış nitqi  sonlandırdı. O, layihə çərçivəsində keçirilən beş görüşün, açılış və bağlanış tədbirlərinin həyata keçirilməsində dəstək göstərən kafedralara, fakültə və  universitet rəhbərliyinə,xüsusilə  layihəyə informasiya dəstəyi göstərən “İnformator.az” saytına və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

 

Zəri Bayramlı

#Bdu #professor #nesirimanquliyev #yubiley
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər