SUMQAYIT ŞƏHƏRİNDƏ XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN VALİDEYNLƏRİ ÜÇÜN MAARİFLƏNDİRMƏ TƏLİMİ KEÇİRİLDİ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Sumqayıt şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə təlimi təşkil olunub.
Təlimdə ümumilikdə 33 nəfər valideyn və uşaq iştirak edib. Tədbirin əsas məqsədi valideynlərin uşaqların sağlam inkişafına mənfi təsir göstərən zərərli vərdişlər və asılılıq yaradan amillər barədə məlumatlandırılması, eləcə də onların bu risklərdən qorunması yolları haqqında bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə layihə rəhbəri Könül Qasımova, təlimçi Zülfiyyə Qasımova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sektor müdiri Fərman Kazımov, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Asudə Əliyeva və Səbinə Novruzova iştirak ediblər.
Çıxış edənlər uşaqların hüquqlarının qorunmasının vacibliyindən, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin əhəmiyyətindən, ailədaxili münasibətlərin möhkəmləndirilməsinin zəruriliyindən danışıblar. Eyni zamanda siqaret, alkoqol, narkotik vasitələr və digər zərərli vərdişlərin yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı praktik tövsiyələr təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və valideynlərin maariflənməsinə, uşaqların sağlam inkişafının dəstəklənməsinə, ailələrdə daha təhlükəsiz və qayğıkeş mühitin formalaşmasına töhfə verib.
Tədbirin sonunda iştirakçılara maarifləndirici materiallar və dəftərxana ləvazimatları təqdim olunub, həmçinin çay süfrəsi təşkil edilib.
Qeyd edək ki, layihənin növbəti mərhələlərdə ölkənin digər şəhər və rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.


