00:00:00
Yazar
Lalə Qafarova
16.06.2026 21:50 18 4 dəq oxuma
Sosial

Dayanıqlı rifah naminə regional inteqrasiya: Bakı dialoqu qlobal inkişaf institutlarını bir araya gətirib

Dayanıqlı rifah naminə regional inteqrasiya: Bakı dialoqu qlobal inkişaf institutlarını bir araya gətirib

Azərbaycan, Bakı – 16 iyun 2026-cı il – Yüksəksəviyyəli siyasətçilər, inkişaf maliyyə institutlarının nümayəndələri və regional inteqrasiya üzrə ekspertlər İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakı şəhərində təşkil olunmuş 2026-cı il üzrə İllik Toplantılarında “Dayanıqlı rifah naminə regional inteqrasiya” devizi altında bir araya gələrək daha sıx regional əməkdaşlığın İİB Qrupuna üzv dövlətlərdə dayanıqlı iqtisadi artımı, iqtisadi dayanıqlılığı və ortaq rifahı hansı yollarla sürətləndirə biləcəyini müzakirə ediblər.

 

“İİB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı yüksəksəviyyəli bilik mübadiləsi tədbiri İİB, Dünya Bankı, Afrika İnkişaf Bankı (AfİB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrini bir araya toplayıb. Tərəflər daha sıx regional bağlantılar, ticarətin asanlaşdırılması, iqtisadi əməkdaşlıq və institusional tərəfdaşlıq vasitəsilə regional inteqrasiyanın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Sessiyanı giriş sözü ilə açan Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Dr. Hüseyn Hüseynov yeni iqtisadi perspektivlərin yaradılmasında və dayanıqlı inkişafın təşviqində regional əməkdaşlıq və inteqrasiyanın müstəsna əhəmiyyətini xüsusilə vurğulayıb. Azərbaycanın baxış bucağına və zəngin təcrübəsinə istinad edən natiq ölkənin regional inteqrasiyanın irəliləməsindəki rolunu diqqətə çatdırıb və daha möhkəm transsərhəd əlaqələrin inklüziv və dayanıqlı artımın təmin edilməsi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

 

İİB-nin İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru cənab İdrissa Dia regional inteqrasiyanın inkişaf üçün praktik katalizator və üzv dövlətlər miqyasında dayanıqlı rifahın əsas hərəkətverici qüvvəsi qismində oynadığı rolu ön plana çəkib. O qeyd edib ki, regiondaxili ticarət həcminin məhdudluğu və üzv dövlətlər arasında mövcud olan infrastruktur boşluqları kimi çağırışların hələ də qalmasına baxmayaraq, İİB Regional Əməkdaşlıq və İnteqrasiya Siyasəti çərçivəsində bu problemlərin aradan qaldırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

 

Qlobal iqtisadçı və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Dr. Mahmud Mohieldin öz əsas məruzəsində Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda regional inteqrasiyanın strateji əhəmiyyətini diqqətə çatdırıb. O, Asiya regionundan siyasət koordinasiyasına dair praktik nümunələr təqdim edib və investisiya prioritetlərinin müəyyənləşdirilməsi baxımından İİB-nin Regional İnteqrasiya İndeksinin potensialını vurğulayıb.

Tədbirin əsas hissələrindən birini İİB-nin Regional İnteqrasiya İndeksinin təqdimatı təşkil edib. İndeks üzv ölkələrdə regional inteqrasiyanın meyilləri, imkanları və çağırışları barədə analitik məlumatlar təqdim edir. İştirakçılar indeksin siyasət qərarlarının qəbulunda, gələcək təşəbbüslərin formalaşdırılmasında və regional əməkdaşlıq strategiyalarının gücləndirilməsində praktik vasitə kimi istifadəsini müzakirə ediblər.

 

İİB Qrupunun baş iqtisadçısı Dr. Arif Süleymanın moderatorluğu ilə keçirilən panel müzakirəsində aparıcı çoxtərəfli inkişaf institutlarının yüksəksəviyyəli nümayəndələri iştirak ediblər.  Panel iştirakçıları qismində Mey Əli Babiker (İİB-nin Əməkdaşlıq və Potensialın İnkişafı Departamentinin direktoru), Buseyna Qermazi(Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan regionu üzrə Strategiya və Əməliyyatlar direktoru), Dr. Yusuf Kone (AfİB-nin Regional Fondlar üzrə rəhbəri) və Dr. ConqVu Kanq (AİB-nin Regional Əməkdaşlıq və İnteqrasiya üzrə direktoru) çıxış ediblər.

 

Asiya, Yaxın Şərq və Şimali Afrika, habelə Böyük Səhradan cənubdakı Afrika ölkələrinin təcrübələrinə istinad edən panel iştirakçıları, uğurlu regional inteqrasiya səylərini şərtləndirən amilləri detallı şəkildə təhlil edib, eyni zamanda dövlətlərin infrastruktur inkişafı, normativ-hüquqi mühitin uyğunlaşdırılması, rəqəmsal transformasiya, özəl sektorun cəlb edilməsi və potensialın inkişafı vasitəsilə iqtisadi bağlantıları necə möhkəmləndirə biləcəklərini təhlil ediblər.

Bundan əlavə, iştirakçılar regional inteqrasiyanın daha əhatəli və dayanıqlı iqtisadi artıma töhfə verməklə yanaşı, ölkələrin tədarük zəncirindəki qırılmalar, iqtisadi qeyri-müəyyənlik və iqlim riskləri kimi qlobal çağırışlara qarşı dözümlülüyünün artırılmasına necə dəstək ola biləcəyini də nəzərdən keçiriblər. Müzakirələr zamanı subregionların müxtəlif reallıqlarına, onların fərqli dinamikasına, eləcə də ortaq rifahı təşviq edərkən regional inteqrasiya strategiyalarının məhz yerli kontekstləri əks etdirməsini təmin edəcək uyğunlaşdırılmış yanaşmaların mühümlüyünə xüsusi diqqət yetirilib.

Tədbir əlaqəliliyi möhkəmləndirən, regional inteqrasiyanı təşviq edən və dayanıqlı sosial-iqtisadi inkişafı dəstəkləyən praktik, dəlillərə əsaslanan həll yollarını inkişaf etdirmək məqsədilə hökumətlər, inkişaf institutları və regional maraqlı tərəflər arasında daha sıx tərəfdaşlıq əlaqələrinin qurulması çağırışı ilə yekunlaşıb.

 

İslam İnkişaf Bankı (İİB) Qrupu haqqında

Dünyanın aparıcı reytinq agentlikləri tərəfindən “AAA” reytinqinə layiq görülmüş İslam İnkişaf Bankı Qlobal Cənubun qabaqcıl çoxtərəfli inkişaf bankıdır (MDB). Bank, 50 ildən artıqdır ki, genişmiqyaslı təsir yaratmaqla xidmət etdiyi insanların və icmaların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Dörd qitəni əhatə edən 57 üzv dövləti özündə birləşdirən Bank dünya əhalisinin təxminən hər dörd nəfərindən birinin həyatına toxunur. O, insanların öz yaşıl iqtisadi inkişaflarını və dayanıqlı sosial tərəqqilərini idarə etmələri üçün imkanlar yaratmaq, ekoloji cəhətdən təmiz infrastruktur formalaşdırmaq və öz potensiallarını reallaşdırmalarına zəmin yaratmaqla inkişaf sahəsindəki çağırışların aradan qaldırılmasına və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına dəstək vermək üçün əməkdaşlığı təşviq etməyə sadiqdir. Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-nin 10 regional mərkəzi və bir mükəmməllik mərkəzi fəaliyyət göstərir.  İllər ərzində Bank tək bir təşkilat çərçivəsindən çıxaraq özündə aşağıdakı qurumları birləşdirən böyük bir Qrupa çevrilmişdir: İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC).

#2026IsDBGroupAMs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər