00:00:00
Yazar
Zəhra Həsənova
01.07.2026 21:34 146 4 dəq oxuma
Sosial

Evdən imtina edən məcburi köçkünlər statuslarını itirəcəklər: Yeni qərar cəmiyyətdə hansı dəyişikliklərə səbəb ola bilər?

Evdən imtina edən məcburi köçkünlər statuslarını itirəcəklər: Yeni qərar cəmiyyətdə hansı dəyişikliklərə səbəb ola bilər?

Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, məcburi köçkünlərə təklif olunan yaşayış sahələrindən imtina edən şəxslər məcburi köçkün statuslarını itirəcəklər. Qanunun keçid müddəasına görə isə işğaldan azad edilən ərazilərdə artıq əvəzsiz mənzillə təmin olunan vətəndaşların məcburi köçkün statusu qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv ediləcək. Qərarın sosial təsirləri, məcburi köçkünlərin gələcək həyatına mümkün təsirləri və cəmiyyətdə yaradacağı reaksiyalar müzakirə mövzusuna çevrilib.

 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Milli Məclisin son dövrlərdə qəbul etdiyi və müxtəlif sosial qruplara yönələn bir sıra qərarlar ciddi ictimai müzakirə və mübahisələrə səbəb olub. Bu qərarlar cəmiyyətdə haqlı narazılıqlar yaradıb və vətəndaşların etirazları ekspertlərin, tədqiqatçıların, sosioloqların və digər mütəxəssislərin mövqeyi ilə üst-üstə düşür:

 

“Əgər Milli Məclis bir tərəfdən müəllimləri hədəf alan qərarlar qəbul edirsə, digər tərəfdən qaçqın və məcburi köçkünlərin maraqlarına toxunan, onların narazılığı müqabilində statusdan məhrum edilməsini nəzərdə tutan qanunlar qəbul edirsə, bu, ictimai və milli maraqların ifadəsi deyil, cəmiyyətə yuxarıdan aşağı münasibətin göstəricisidir. Milli Məclis qəbul etdiyi qərarlarda ictimai maraqları nəzərə almadıqda, dövlət-cəmiyyət münasibətlərində bölücü funksiyanı yerinə yetirən instituta çevrilə bilər. Əgər kimsə əsassız olaraq, səbəb göstərmədən ona çatandan artıqını tələb edirsə, bu, ayrıca müzakirə mövzusu ola bilər. Lakin belə bir qanunun xüsusi olaraq qaçqın və məcburi köçkünlərə tətbiq edilməsi cəmiyyətdə fikir ayrılığı yaradır, qaçqınlar və məcburi köçkünlər arasında ayrı-seçkilik və diferensiasiya amili kimi qiymətləndirilə bilər”. 


Naib Niftəliyev qeyd edib ki, torpaqların azad olunması ilə əlaqədar olaraq məcburi köçkünlərin geri qayıdışı, əmlak və yaşayış məsələlərinin həlli istiqamətində müəyyən imkanlar və şərait mövcuddur:

 

“Dövlət 30 ilə yaxın müddətdə öz vətəndaşlarını himayə edib və bu, dövlətin vəzifəsidir. Lakin bu, insanların əvvəllər malik olduqları əmlak, yaşayış və digər hüquqlarının bərpası məsələsini aradan qaldırmır. İnsanların əvvəlki hüquqlarının bərpası hüquqi prosedur kimi təmin edilməlidir. Məcburi köçkünlərin etirazları haqlı qiymətləndirilməli və nəzərə alınmalıdır. O, inzibati ərazi bölgüsü və yaşayış məntəqələrinin birləşdirilməsi ilə bağlı qərarların da mübahisəli və müzakirə mövzusu olduğunu qeyd edib.
Kimsə hər hansı qərardan narazıdırsa, bunun səbəbi araşdırılmalıdır. İnsanları statusdan məhrum etməyi çıxış yolu hesab etmək düzgün deyil. Çünki bu, hüquqi və sosial baxımdan mübahisəli qərardır. Məcburi köçkün statusunun ləğvi üçün əvvəlcə həmin şəxslərin əvvəlki yaşayış, mülkiyyət və sosial təminat imkanlarının bərpası təmin edilməlidir. Heç kim öz istəyi ilə qaçqın və ya məcburi köçkün olmayıb. Bu vəziyyəti yaradan səbəblər məlumdur. İnsanlar həmin şəraitin bərpasını dövlətdən, cəmiyyətdən və Milli Məclisdən gözləyirlər. Əgər Milli Məclis onları statusdan məhrum etməyə yönəlmiş xüsusi müddəalar qəbul edirsə, bu, cəmiyyətin maraqlarına uyğun deyil və həmin qanunların icra mexanizmi də adekvat olmayacaq. Belə qanunlar əlavə sosial və hüquqi təzyiq vasitəsi kimi dəyərləndirilə bilər. Qaçqınlar əsasən Ermənistandan deportasiya olunan soydaşlarımızdır. Məcburi köçkünlər isə Azərbaycanın işğal olunmuş ərazilərindən köçməyə məcbur edilən vətəndaşlardır. Burada əsas məsələ prosesin düzgün, adekvat və mərhələli şəkildə həyata keçirilməsidir. İnsanlara ‘sizi bu statusdan məhrum edəcəyik’ mesajının verilməsi təbii olaraq mənfi reaksiya və haqlı etirazlar doğuracaq. Milli Məclis qərarlar qəbul edərkən ictimai rəy və ictimai maraqları mütləq nəzərə almalıdır. Vətəndaşların nə istədiyi, bu qərarlara münasibəti və onların maraqlarına uyğunluğu əsas götürülməlidir. İnsanları hüquqlarından məhrum etməklə və ya etiraz etdiklərinə görə cəzalandırmaqla uğurlu nəticə əldə etmək mümkün deyil. Emosional reaksiyalar, gözlənilməz davranışlar və müəyyən etirazlar mümkündür. Bu risklər yüksək olmasa da, müxtəlif formalarda narazılıqların yaranacağı qaçılmazdır. Bu isə əlavə sosial gərginlik mənbəyinə çevrilə bilər. Vətəndaşların qəbul etmədiyi qərarların məcburi şəkildə tətbiqi əlavə təzyiq vasitəsi kimi qiymətləndirilir və bu səbəbdən qanunvericiliyə yenidən baxılması zəruridir. Bu qərarların sosial ədalət və dövlət dəstəyi məsələlərinə münasibəti dəyişdirəcəyi ilə bağlı müxtəlif ehtimallar və müzakirələr yaranacaq. Sosial şəbəkələrdə və ictimai rəydə qınaq və narazılıqların artması qaçılmazdır”, - deyə o bildirib.

 

Sonda Naib qeyd edib ki, Milli Məclisin mövcud tərkibi ictimai maraqları və vətəndaşların haqlı iradlarını tam şəkildə ifadə etməkdə çətinlik çəkir:

 

“Mübahisəli və ziddiyyətli qərarların qəbulu Milli Məclisə nüfuz qazandırmır, əksinə, narazılıqların və etirazların artmasına səbəb olur. Dövlət strukturları bu məsələləri diqqətdə saxlayır və gələcəkdə bir sıra qərarlara yenidən baxılması mümkündür. İctimai maraqların toqquşması, etirazların və latent sosial gərginliyin yaranması isə qaçılmazdır”.

 

Fatimə Hüseynli

#azərbaycan #edən #imtina #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər