00:00:00
Yazar
Güllər Gülhüseynova
29.07.2026 19:49 37 2 dəq oxuma
Siyasət

"ONESXM" təşkilatı Fransanın müstəmləkəçilik siyasətini pisləyərək Bakı Təşəbbüs Qrupuna dəstəyini ifadə edib

"ONESXM" təşkilatı Fransanın müstəmləkəçilik siyasətini pisləyərək Bakı Təşəbbüs Qrupuna dəstəyini ifadə edib

Fransa və Niderland tərəfindən 2 hissəyə bölünərək faktiki işğal altında saxlanılan Saint Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu "ONESXM" təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb.

 

Təşkilat Fransa Milli Assambleyasının 3 deputatının Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransız parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini “Fransanın daxili işlərinə qarışmaq" kimi qələmə verməsinə sərt reaksiya göstəriblər.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Fransada, eləcə də bu ölkənin siyasi dairələrində və parlamentində ciddi narahatlıq müşahidə olunur:

 

“Bu narahatlığın əsas səbəbi Azərbaycanın Fransanın müstəmləkəçilik siyasətini və bu sahədəki fəaliyyətini beynəlxalq müstəvidə ardıcıl şəkildə gündəmə gətirməsidir. Məlumdur ki, Fransa uzun illərdir keçmiş müstəmləkələri üzərində müxtəlif vasitələrlə təsirini saxlamağa çalışıb və həmin ərazilərin təbii sərvətlərindən öz maraqları naminə istifadə edib. Son illərdə isə Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq platformalarda ən prinsipial mövqe nümayiş etdirən ölkələrdən biri kimi çıxış edir. Rəsmi Bakı Fransanın müstəmləkə siyasətini, eləcə də xalqların azadlıq və öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılmasını açıq şəkildə tənqid edir və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Təbii ki, bu vəziyyət Fransanın hakim dairələrini və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən siyasi qüvvələri narahat edir. Çünki Azərbaycanın fəaliyyəti nəticəsində Fransanın müstəmləkəçilik siyasəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxarılıb. Bu səbəbdən Azərbaycana qarşı müxtəlif əsassız və böhtan xarakterli ittihamlar irəli sürülür. Lakin əvvəlki dövrlərdən fərqli olaraq, bu ittihamlar artıq əvvəlki təsir gücünə malik deyil. Çünki uzun müddət beynəlxalq gündəmdən kənarda qalan müstəmləkəçilik məsələsi Azərbaycanın təşəbbüsləri sayəsində geniş şəkildə müzakirə olunur”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət nəticəsində Fransanın müstəmləkəçilik siyasəti və keçmişdə törədilmiş qanun pozuntuları daha geniş şəkildə beynəlxalq müzakirə mövzusuna çevrilib:

 

“Eyni zamanda, rəsmi Bakı Fransanın nəzarəti altında olan ərazilərdə yaşayan xalqların hüquqlarını açıq şəkildə müdafiə etdiyini bəyan edir və onların müstəqillik, suverenlik və azadlıq uğrunda mübarizəsinə dəstəyini ifadə edir. Bu baxımdan, həmin xalqların müxtəlif təşkilatları da Fransadan gələn Azərbaycana qarşı ittihamlara etiraz edirlər. Onlar hesab edirlər ki, Azərbaycan müstəmləkəçilik məsələsini beynəlxalq gündəmdə ardıcıl şəkildə qaldıran və bu mövzuda prinsipial mövqe nümayiş etdirən ölkələrdən biridir. Nəticə etibarilə, Azərbaycanın həyata keçirdiyi siyasət bir sıra ölkə və xalqlar tərəfindən müstəmləkəçiliyə qarşı mübarizəyə və xalqların azadlıq hüququnun müdafiəsinə verilən dəstək kimi qiymətləndirilir. Bu baxımdan, Fransanın bəzi deputatlarının Azərbaycana qarşı irəli sürdüyü ittihamlara etirazların səsləndirilməsi həmin mövqenin məntiqi davamı kimi dəyərləndirilə bilər”.


 

Güllər Gülhüseynova

#Fransa #Niderland #Azərbaycan #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər