Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqlar aparmaq üçün Parisə gəlib

Tarix: 20:47 17.04.2025
Danışıqlarda Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. ABŞ-nin yüksəkvəzifəli rəsmilərinin də eyni vaxtda Fransada olması bu səfərin regional deyil, qlobal əhəmiyyət daşıdığını göstərir.
Məsələ ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Parisə gələn Ukrayna nümayəndə heyətinə Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerovun daxil olması missiyanın əhəmiyyətini göstərir:
"Kiyev tərəfi bəyan edib ki, Ukraynanın və bütün Avropanın təhlükəsizliyi üçün vacib məsələlər müzakirə olunacaq. Eyni zamanda ABŞ-nin iki yüksək vəzifəli rəsmisinin- dövlət katibi Marko Rubio və Ukraynadakı müharibə ilə bağlı danışıqlar prosesinin iştirakçısı Stiv Uitkoffun da Fransada olması danışıqların Avropa çərçivəsində də qlobal xarakter daşıdığını göstərir".
Ekspert Ukrayna silahlı Qüvvələrinin gücləndirilməsi və ölkədə "qanunverici qüvvələr"in yerləşdirilməsi məsələlərinin ön planda olduğunu bildirir:
"Ümumiyyətlə, Ukrayna müharibəsinin ilk vaxtlarında loyal mövqedə olan Fransa son vaxtlar, xüsusilə Trampın prezidentliyindən sona xüsusi aktivlik göstərir. Amma fikrimcə rəsmi Parisin bu siyasəti Makron hökumətinin sürətlə azalan nüfuzunu qaldırmaq kimi uğursuz cəhddir. Geosiyasi arenada anti-Rusiya cəbhəsini formalaşdıran iki qüvvə var. Birincisi ABŞ-Britaniya Alyansı, ikincisi isə Avropa İttifaqıdır. Avropa İttifaqı özlüyündə birinci alyansdsn asılı vəziyyətdədir və qərarlarını onlarla uzlaşdırmağa məcburdur. Məhz bu səbəbdən Fransanın Ukrayna məsələsində lider mövqeyə keçəcəyi inandırıcı görünmür".
Güllər Gülhüseynova