"İran və ABŞ arasında yeni razılaşma ola bilər" -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:16 22.04.2025

"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorunduğu təqdirdə nüvə sazişi bağlamağa hazırdır".

 

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

 

"Əgər onlar bizimlə bərabər şərtlərlə saziş bağlamaq istəməsələr, öz yolumuzla davam edəcəyik", - deyə Pezeşkianın bildirib.

  

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında müəyyən siyasi anlaşılmazlıqlar hər dəfə prezident dəyişəndə baş verir:

 

 

"Əsaslı olaraq daxili razılaşmalara görə əməli şəkildə heç biri digərinin ideoloji maraqlarına zərbə vura bilməz. İran üzdə özünü İslam dəyərlərinə bağlı göstərir ki, İslam dünyasında etibarını itirməsin. Əməli şəkildə isə ABŞ-nin planlarına töhfə verir. Əfqanıstan, İraq və Suriyada İran özünü tam sübut edib və etimad qazanıb. Həmasın təhrik olunaraq İsrailə hücum etməsinə də xeyir-dua verməklə, İsrailin nəticədə Qəzzanı yer üzündən silməsinə, 60 min adamın öldürülməsinə maksimum şərait yaradıb. Həm də ABŞ-nin müttəfiqlərinə dolayı dəstək olub. Hazırda sadəcə Suriyanı İran əldən verdiyinə görə ABŞ-nin danlağına tuş gəlib. Çünki ABŞ müsəlman birliyinin yaranmasından narahatdır. Bunu da həm tarixən, həm də indi ixtilaf salan qüvvə yalnız İrandır. İran durduqca bəşəriyyət tarixində heç zaman müsəlman dövlətləri birləşə bilməz.

 

Qərb və əsasən də ABŞ-ni İran rejimini məhz bunun üçün ayaqda saxlayır. Aralarında siyasi manevr edərək görüntü yaradırlar, düşmən obrazı görüntüləyirlər. Razılıq da olacaq. Əslində çoxdan razılaşıblar. Suriya əldən çıxdı. İndi İrana başqa öhdəlik verəcəklər. Türkiyəyə yaxud digər müsəlman ölkələrinə qarşı təxribat, proksi qüvvələr yaradaraq oranı da qarışdırıb, ABŞ-nin müdaxiləsinə zəmin yaratmaq tapşırığı veriləcək. Bu süni düşmənçilik hər iki dövləti gündəmdə saxlayır. İqtisadi, siyasi nüfuzuna maraq cəlb edir. İsrailin bütün tutduğu ərazilərə ən bariz şəraiti İrana bağlı qüvvələr yaradıb. Əgər bu olmasa , İsrail böyük bəhanələrlə hücum etməyə əsas tapa bilməzdi. Faktiki olaraq İran ABŞ-yə qarşı heç bir zərər və zərbə vurmayıb, vurmayacaq da. ABŞ-də İraqı işğal edib İrana verib. İran hazırda ABŞ ilə alver edir. İran nə vaxt ona həvalə edilən xətdən kənara çıxırsa, o zaman onunla gərginlik yaranır. Ona bəyan etməyə çalışırlar ki, prezidentlər dəyişsə də , əhd-peyman yerindədir. Gərginlik İran rejimi qaldıqca həm regionda, həm də dünyada davam edəcək. Çünki İran rejiminin yaradılma mahiyyəti elə gərginlik yaratmaqdır. Gərginlik yaratmasa , o zaman onun dəyişməsi mövzu ola bilər".


Politoloq qeyd edib ki, İranla ABŞ-nin arasında yeni anlaşmaların əsl gizli məzmunu hələ məlum deyil:

 

"Ona bu nüvə sazişi başlıqlı kod adlı planda hansı yeni vəzifə veriləcək, bunu gələcək göstərəcək. Saziş əslində ortaq hədəfləri müəyyən edəcək. Nüvə məsələsi real deyil. Çünki ABŞ , həqiqətən də , bilsə ki, İran onun nəzarətindən kənar nüvəni zənginləşdirir. Dərhal hərbi müdaxilə edər. Artıq ABŞ inanır ki, İranda təhlükəli nüvə yoxdur. Ona və onun maraqlarına heç bir ziyanı olmayacaq. Türkiyə, Azərbaycan və digər müsəlman ölkələrinə təhdid üçün nəzərdə tutulub. Yaxın zamanda razılaşma  olacaq. Çoxdan razılaşılan məsələni bir az uzadırlar ki, ictimai rəydə təəccüb yaranmasın. İrana ABŞ-dən verilən yeni vəzifələri hələ bilinmir. Bu, tam olaraq həmin saziş elan olunandan sonra bilinəcək".

 


Nuray Əliyeva