Donald Trampdan təəccüblü açıqlama

Tarix: 23:32 06.05.2025
ABŞ Prezidenti Donald Tramp, Alkatras həbsxanasını niyə yenidən açmaq qərarı verdiyini açıqlayıb. Təəccüblü bir bəyanat verən ABŞ lideri, "Deyəsən, film istehsalçısı olmalı idim" sözlərini deyib. Ölkənin buna ehtiyacı olduğunu bildirən Tramp, "Bura dünyanın ən təhlükəli cinayətkarlarına ev sahibliyi edib və heç kim buradan qaça bilməyib" ,-deyə bildirib.
"Keçmişdə daha ciddi bir millət idik, ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinmirdik. Artıq bu cinayətkarlara daha çox dözümlülük göstərməyəcəyik" ,- deyə vurğulayan Tramp, Federal Həbsxanalar Bürosuna Alkatrasın təmir olunub genişləndirilməsi və "ən azğın cinayətkarlar" üçün yenidən istifadəyə verilməsi barədə göstəriş verdiyini bildirib.
Alkatrasın ABŞ üçün güclü bir "qanun və nizam" simvolu olduğunu müdafiə edən Tramp, "Alkatras çox güclü, çox təsirli bir şeyi təmsil edir. Qanun və nizam baxımından bu ölkənin buna ehtiyacı var" ,- deyə qeyd edib.
Alkatras adası 1850-ci illərdə ABŞ ordusu tərəfindən müdafiə məqsədilə istifadə olunmağa başlanıb. 1860-cı illərdə hərbi həbsxanaya çevrilib. 1934-cü ildə ABŞ Ədliyyə Nazirliyi adanı yüksək təhlükəsizlikli federal həbsxanaya çevirib. Bu çevrilmənin məqsədi digər həbsxanalarda problem yaradan, qaçış riski yüksək və mütəşəkkil cinayətlərlə əlaqəli olan məhkumları təcrid etmək olub.
1972-ci ildə Alkatras Milli Parklar Xidmətinə verilib. Bu gün isə muzey və turistik cazibə mərkəzi kimi fəaliyyət göstərir. Hər il təxminən 1,5 milyon insan tərəfindən ziyarət olunur. Kameralar, qaçış tunelləri, yeməkxana və müşahidə qüllələri orijinal vəziyyətdə qorunur.
Haberler.com
Aygün Babayeva