Zelenski: Rusiya qeyd-şərtsiz atəşkəsə hazırdırsa, biz də cavab verməyə hazırıq

Bölmə: Siyasət › ,
Tarix: 22:32 22.04.2025

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Rusiya doğrudan da tam və qeyd-şərtsiz atəşkəsə hazırdırsa, Kiyev bu təklifi “güzgü prinsipi” ilə cavablandıracaq.

 

Zelenskinin sözlərinə görə, ABŞ-nin irəli sürdüyü 30 günlük qeyd-şərtsiz atəşkəs təşəbbüsünə artıq 39 gündür ki, Rusiya cavab verməyib.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Amerika Rusiya ilə danışıqlara əlverişli şəkildə başlamayıb və Rusiyaya yaşıl işıq yandıraraq öz mövqeyini zəiflədib. Putin isə bundan istifadə edərək prosesləri öz istəklərinə yönəltməyə nail olub:

 

“Ukrayna–Rusiya arasında atəşkəsin əldə olunması hazırkı şəraitdə mümkün görünmür. Baxmayaraq ki, Vladimir Putin 1 günlük Pasxa atəşkəsi elan etdi, biz atəşkəs rejiminə əməl olunduğunu müşahidə etmədik – tərəflər qarşılıqlı hücumlarını davam etdirdilər.

 

Rusiya hazırda Amerika ilə apardığı danışıqlarda müəyyən bazarlıqlar edir və vaxtı uzadaraq öz maraqlarını təmin etməyə çalışır. Rusiyanın tələbləri aydındır: Ukraynanın 5 vilayətinin Rusiyaya birləşdirilməsinin qanuniləşdirilməsi və Ukraynanın gələcəkdə NATO-ya üzv olmaması. Bu məsələlərlə bağlı hələ də ortaq razılıq əldə olunmayıb.

 

Hətta ABŞ bu gün bəzi məqamlarda Rusiyanın maraqlarını müdafiə edən mövqedən çıxış edir. Trampın nümayəndəsi Ukraynanın 5 ərazisinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirib ki, bu da təbii olaraq Ukrayna  qəbul edə bilməz.

 

Belə bir vəziyyətdə atəşkəsin əldə olunması çətin görünür. Əgər ABŞ səylərini artırsa, tərəflərə obyektiv və prinsipial mövqe göstərə bilsə, müəyyən nəticələrin əldə olunması mümkündür.

 

Nəzərə almaq lazımdır ki, Amerikanın getdikcə daha çox Rusiya yönümlü siyasət yürütməsi Avropa İttifaqını da narahat edir. Aİ də Ukraynaya dəstək verərək atəşkəsin əldə olunmasına Rusiyanın istədiyi formada mane olmağa çalışır.

 

Amerikanın bu təşəbbüslərinin uğurla nəticələnəcəyini demək çətindir. Bu gün ABŞ-nin Rusiya ilə danışıqlarda zəif mövqedən çıxış etməsi Putinin işini asanlaşdırır və prosesi öz xeyrinə yönəltməsinə imkan yaradır.

 

Artıq ABŞ-nin bu savaşı dayandırmaq imkanları əvvəlki qədər güclü deyil. Faktiki olaraq bu münaqişə Amerikanın əlində siyasi və maliyyə baxımından bazarlıq alətinə çevrilib. Belə ki, məhz bu münaqişə səbəbilə Ukraynadan çox böyük maliyyə dəstəyi tələb olunur. Rəqəmlərə gəlincə, ABŞ-nin bu günə qədər Ukraynaya göstərdiyi yardımın məbləği 98,5 milyard dollar olduğu halda, Tramp bu rəqəmi 350 milyard dollar olaraq göstərir. Sanki Tramp öz maraqlarını bu proses üzərindən həll etmək istəyir.

 

Amerikanın hazırkı yanaşması ilə bu müharibəni obyektiv, beynəlxalq hüquqa əsaslanan şəkildə dayandırmaq çətin görünür".

 

Fatimə Şahverdiyeva