ABŞ-nin “Rusiyanın qanunsuz ilhaq etdiyi bölgələri” tanıyacağı iddia olunub

Bölmə: Dünya › ,
Tarix: 21:23 23.04.2025

 

İddialara görə, ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü sülh planında Krımın rəsmi olaraq Rusiyanın tərkib hissəsi kimi tanınması və 2022-ci ildən etibarən Rusiyanın nəzarətinə keçən bölgələrin faktiki olaraq qəbul edilməsi maddələri yer alır.

 

Axios saytına danışan və planla bağlı birbaşa məlumatı olan mənbələr bildiriblər ki, ötən həftə Fransanın paytaxtı Parisdə keçirilən görüşdə Ukraynalı rəsmilərə təqdim olunan, sülh şərtlərini əhatə edən bir səhifəlik sənəd ABŞ Prezidenti Donald Trampın “müharibəni bitirməyə dair son təklifi”dir.

 

Planı görən digər bir amerikalı rəsmi isə bildirib ki, sülh şərtləri ABŞ Dövlət katibi Marko Rubio və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanıb.

 

Mənbələrin iddiasına görə, sənədə əsasən Tramp administrasiyası Krımı rəsmi şəkildə Rusiya ərazisi kimi tanımağa razı olacaq. 2022-ci ildən bu yana Rusiyanın nəzarətinə keçən Luqansk, Donetsk, Xerson və Zaporojye bölgələri isə faktiki olaraq tanına bilər.

 

Plan çərçivəsində 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi və enerji ilə sənaye sahələri başda olmaqla iqtisadi əməkdaşlığın artırılması nəzərdə tutulur.

 

Təqdim edilən sülh planına əsasən, Ukraynanın Avropa İttifaqına (Aİ) üzv ola biləcəyi, lakin NATO-ya üzv olmayacağı qeyd edilib. Mənbələr, müharibədən sonra Ukraynanın yenidən qurulması üçün lazım olan təzminat və yardımların təmin ediləcəyinə dair vədlərin də verildiyini bildiriblər.

 

ABŞ Prezidenti Tramp, 21 aprel tarixində Ağ Evdə etdiyi çıxışda Rusiya-Ukrayna prosesinin müsbət istiqamətdə irəlilədiyini bildirərək, “Rusiya-Ukrayna razılaşmasının bu həftə baş tutma ehtimalı kifayət qədər yüksəkdir,” – deyə bəyan edib.

 

Trampın xüsusi nümayəndəsi Vitkoff isə ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmüş, Ağ Ev isə görüşün müsbət keçdiyini açıqlayıb.

 

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı, 2022-ci ildə müharibənin başlamasından sonra isə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini qanunsuz şəkildə ilhaq edib.

 

TRT XƏBƏR

Günel Verdiyeva