Trampdan bərabərlik təşəbbüslərinə zərbə

Bölmə: Dünya › ,
Tarix: 20:54 24.04.2025

 

ABŞ prezidenti Donald Tramp, Amerika kolleclərini və onlara nəzarət edən akkreditasiya qurumlarını daha sərt yoxlamaya məruz qoymağı əmr edib. Bu addım, onun təhsildə müxtəliflik və bərabərlik təşəbbüslərinə qarşı "oyanma" adlandırdığı kampaniyasının genişlənən mərhələsi kimi qiymətləndirilir.

 

Çərşənbə günü imzalanan icraedici sərəncamlarda Tramp, siyasi baxımdan liberal mövqedə dayanan universitetləri birbaşa hədəfə alıb. Sərəncamlardan biri kolleclərin xarici mənbələrdən maliyyələşməsini açıqlamasını tələb edən federal qanunun daha ciddi tətbiqini nəzərdə tutur. Digər bir sərəncam isə akkreditasiya qurumlarının ləğvini tələb edir – bu qurumlar kolleclərin federal tələbə maliyyə yardımına uyğunluğunu müəyyən edir.

 

Eyni zamanda Tramp, Təhsil Departamentinə ölkənin ibtidai və orta məktəblərində (K-12) nizam-intizam sahəsində bərabərlik təşəbbüslərini dayandırmağı tapşırıb. Əvvəlki demokrat administrasiyalar, məktəblərin azlıqlara – xüsusilə də afroamerikalı və yerli amerikalı şagirdlərə qarşı qeyri-mütənasib intizam tədbirləri tətbiq etməməsi üçün təlimatlar vermişdi. Tramp administrasiyası isə bu cür bərabərlik təşəbbüslərini irqi ayrı-seçkilik kimi qiymətləndirir.

 

Associated Press

Güllər Gülhüseynova