Çin ABŞ rəsmilərinə sanksiya tətbiq etdi

Tarix: 21:00 22.04.2025
Çin, ABŞ Konqresinin üzvləri, digər rəsmi şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. Bu addım ABŞ-nin Honkonq məsələsinə yanaşmasına sərt cavab olaraq atılıb. Rəsmi Pekin bildirib ki, Honkonqla bağlı atılacaq hər hansı yanlış addıma qarşı sərt reaksiya verəcək.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu prosesdə təşəbbüs ABŞ-dən gəlib:
“Çin və ABŞ arasında son dövrlərdə gərginlik yaşanır. Təşəbbüskar tərəf ABŞ-dir. Xüsusilə Trampın hakimiyyəti dövründə Çinə qarşı tətbiq olunan rüsumlar və digər iqtisadi məhdudiyyətlər münasibətlərin korlanmasına səbəb oldu. Tramp Çini ABŞ-nin əsas rəqibi kimi görürdü və ona qarşı davamlı hücumlar edirdi. İndi o, yenidən hakimiyyətə gəldikdən sonra yenə də öncəliyi Çinə verib. Çin isə bu siyasətin fərqindədir və artıq cavab addımları atır. Bununla demək istəyir ki, yeni çoxqütblü dünyada özü də güclü bir qütbdür. Çin göstərmək istəyir ki, Qərbdən və ABŞ-dən çəkinmir, öz milli maraqlarını qorumağa və lazım gəldikdə ABŞ-nin qarşısına çıxmağa hazırdır".
Sanksiyalar əsasən Honkonq məsələsinə görə tətbiq olunub. Bəs Honkonq nəyə görə bu qədər həssas mövzudur?
Əli Mustafa məsələni belə izah edir:
“Bu, həm də rüsum müharibəsinə qarşılıq olaraq Honkonq məsələsi ilə gündəmə gəlməyin bir formasıdır. Qərb ölkələri daim Çinə qarşı Honkonqla bağlı insan haqları, idarəetmə və azadlıqlarla bağlı tənqidlər səsləndirirlər. Bildiyimiz kimi, Honkonq sonradan Çinə birləşdirilib və onun statusu beynəlxalq müzakirələrdə hər zaman xüsusi yer tutur. Çin isə bu məsələdə sərt mövqe sərgiləyərək demək istəyir ki, bu, onun daxili işidir və kənar müdaxiləyə yol verilə bilməz. ABŞ-nin və digər qərb ölkələrinin bu məsələyə müdaxiləsi Pekinin maraqlarına ziddir".
Politoloqun fikrincə, bu qarşıdurma yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik məsələlərini əhatə edə bilər:
“ABŞ və Çin arasında ticarət dövriyyəsi çox böyükdür. Lakin bu qarşıdurma yalnız iqtisadi müstəvidə qalmaya bilər. Avropa İttifaqı ilə münasibətlər, Ukrayna-Rusiya müharibəsinə baxış, dolların qlobal rolu kimi məsələlərdə də tərəflər arasında fikir ayrılıqları var. Hər iki tərəfin qarşılıqlı təsir imkanları kifayət qədər genişdir. Yaxın gələcəkdə bu qarşıdurmanın dərinləşib-dərinləşməyəcəyini müşahidə edəcəyik".
Səyyarə Mirzəyeva