Hindistan Pakistanla sərhədi bağladı

Bölmə: Dünya › ,
Tarix: 22:11 24.04.2025

Hindistan Pakistanla sərhədi bağlanması ilə bağlı Hindistanın Xarici İşlər Nazirinin birinci müavini Vikram Misri məlumat verib. O, Cammu və Kəşmir ərazisində baş vermiş terror aktına görə belə bir addım atdıqlarını bildirib. Bundan əlavə, Hindistan Pakistandakı diplomatlarının sayını da iki dəfəyə yaxın azaltmaq qərarı verib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Hindistanla Pakistan arasındakı münasibətlər uzun illərdir ki, gərgin olaraq qalır:

 

“Lakin son terror aktından sonra Hindistanın atdığı addımı tamamilə bəhanə xarakterli hesab edirəm. Hindistan zaman-zaman müxtəlif səbəbləri əsas gətirərək Pakistana qarşı təzyiqlərini artırmağa çalışır. Bu hadisə ilə bağlı da Hindistanın reaksiyası, nə adekvat, nə də konstruktiv sayıla bilər. Əslində, belə hallarda, Pakistanla əməkdaşlıq şəraitində problemi həll etməyə çalışmaq daha düzgün yanaşma olardı. Ancaq görünən odur ki, Hindistan ənənəvi olaraq fərqli bir yol seçdi və bu da atılan addımın siyasi mahiyyət daşıdığını göstərir".

 

Siyasi şərhçi əlavə edib ki, Hindistanın yürütdüyü siyasət, xüsusilə Pakistanla artan gərginlik fonunda, bölgədə vəziyyətin daha da pisləşməsinə səbəb olur:

 

“Bu kimi halları zaman-zaman müşahidə edirik. Təəssüf ki, Hindistanın aqressiv siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər nəinki normallaşır, əksinə, daha da gərginləşir və problemlər dərinləşir. Bu səbəbdən düşünürəm ki, Hindistanın atdığı bu cür addımlar nə hüquqi cəhətdən əsaslıdır, nə də mövcud vəziyyətə adekvatdır. Terror aktını bəhanə edərək atılan bu addımların siyasi motivli olduğunu anlamaq isə, əslində, çətin deyil".

 

Aytən Ağazadə